“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

15:40 - 19 Mart 2023

“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

"Qarabağ”ın oyunçusu Nəriman Axundzadə Türkiyə klubu “Qalatasaray”la martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə oyununa görə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən kənarda qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a U-21 yığmasının baş məşqçisi Samir Əliyev məlumat verib.

O bildirib ki, Ağdam klubu ilə danışıqlardan sonra bu addımı atıb: “Başa düşürük ki, qarşıda “Qarabağ”ın maraqlı oyunu var. Futbolçuların da bir çoxu milli komandalara getdiklərindən, heyətlə bağlı problemləri ola bilər. “Qarabağ” tərəfi ilə danışığımız oldu. Nəriman Axundzadəni məhz buna görə U-21-ə çağırmadıq”.

Samir Əliyev “Qarabağ”ın qapıçısı Amin Ramazanovun yığmadan kənarda qalmasının səbəbini də açıqlayıb. 44 yaşlı mütəxəssis gənc qolkiperin zədəli olduğu üçün qarşıdakı yoldaşlıq görüşlərində sərəncımında olmayacağını söyləyib: “Amini çağırmaq fikrimiz var idi. Lakin “Qarabağ”ın əvəzedicilərinin heyətində “Neftçi-2” ilə Birinci Divizion oyununda zədələnmişdi. Düzdür, zədəsi ciddi deyil. Ancaq təxminən bir həftə müalicə almalı idi. Bu üzdən onu dəvət etməmək qərarına gəldik”.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə Türkiyənin Antalya şəhərində yoldaşlıq görüşü keçirəcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin