Səbinə Əliyeva Cenevrə görüşündə iştirak etdi

20:59 - 16 Mart 2023

Səbinə Əliyeva Cenevrə görüşündə iştirak etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edib.

 

Ombudsman Aparatının Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Qlobal Alyans tərəfindən təşkil olunmuş iclasda 200-ə yaxın milli insan hüquqları təsisatının rəhbər və əməkdaşları, habelə BMT-nin müxtəlif struktur bölmələrinin rəhbərləri və ekspertləri iştirak ediblər.

Qlobal Alyansın illik iclasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş fəaliyyət barədə ümumi təqdimatlar dinlənilib və qarşıda duran məsələlər diqqətə çatdırılıb. Tədbirdə iqlim dəyişikliyi, əlilliyi olan şəxslər və ahılların hüquqlarının müdafiəsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirə aparılıb və 2023-2027-ci illər üzrə Strateji Plan qəbul olunub.

Daha sonra milli insan hüquqları təsisatları arasında işgəncə və pis rəftar hallarının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi aparılıb. Azərbaycan ombudsmanının milli preventiv mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, milli preventiv qrupun tərkibində psixoloq, sosial işçi və vətəndaş cəmiyyəti nümayəndələrinin yer alması barədə məlumatlar, habelə məhkumların islah edilməsi və cəmiyyətə gələcək inteqrasiyası istiqamətində irəli sürülmüş təkliflər diqqətə çatdırılıb.

İllik iclasın yekununda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 və Milli İnsan Hüquqları Təsisatlarının Statusuna dair Paris Prinsiplərinin 30 illik yubileyinə həsr edilmiş konfrans təşkil edilib.

Səbinə Əliyeva iclas çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və bu qurumun Akkreditasiya üzrə Alt Komitəsinin rəhbərləri, həmçinin Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin sədri və Baş katibi ilə görüşlər keçirib.

Görüşlər əsnasında Ombudsman təsisatının fəaliyyətinin Paris Prinsiplərinə tam uyğunlaşdırılması, Qlobal Alyansın Akkreditasiya üzrə Alt Komitəsinin verdiyi tövsiyələrin icrası və mandatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə məlumat verilib. Təsisatın fəaliyyəti ilə bağlı çap materialları və ombudsmanın 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn pozulması faktlarına dair hazırlanmış hesabat, bəyanat və müraciətlərinin toplusu görüş keçirilmiş rəsmilərə təqdim edilib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin