Üç güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB

23:25 - 15 Mart 2023

Üç güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Manset.az xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) türk Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib. E.Əliyev finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə qalib gələrək Avropa çempionu olub.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb. Təmsilçimiz səkkizdəbir finalda rumıniyalı İqor Botezdən güclü olub. Güləşçimiz dörddəbir finalda finlandiyalı Coni Komppaya qalib gəlib. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevə heç bir şans verməyib. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz ölkəmizə ikinci qızıl medalı qazandırıb.

Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib. Pəhləvanımız dörddəbir finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib. M.Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Finalda rəqibini əks-fənddə yaxalayan güləşçimiz “tuşe” ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.

***21:44

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Manset.az xəbər verir ki, 72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.

***21:32

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin