"Kristal Abşeron"un tikdiyi bina əyilir, sakinlərin həyatı təhlükədə - EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

14:30 - 14 Mart 2023

Xəbər verdiyimiz kimi, "Kristal Abşeron" şirkətinin inşa etdiyi Qaradağ rayonu "Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzə qalıblar. Bu barədə binanın sakinləri məlumat verərək bildiriblər ki, binanın təməlinə su sızır və hər an təhlükə yaşana bilər:

"Binanın təməlinə su sızır. Bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axır. Zəlzələ olsa, bina yerlə bir olacaq”.

Sakinlər bildirib ki, binanın özülünə hazırda beton tökülür: "Hazırda binanın özülünə beton tökülür. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar”. 

Bəs, bu cür xırda tədbirlərlə baş verə biləcək təhlükənin qarşısını almaq mümkündürmü? 

Manset.az xəbər verir ki, təhükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, əgər hansısa təhlükəli vəziyyət varsa, bina sakinləri ərizə ilə müraciət edib komissiya yaradılmasını təşkil edə bilərlər:

"Əgər bina qəzalı vəziyyətdədirsə, binada sakinləri narahat edən məqamlar varsa, binanın zirzəmisinə su yığılırsa, çatlar əmələ gəlibsə, çökmə varsa, bunlar haqlı olaraq sakinləri narahat edən məsələlərdir. Belə olan halda, bununla bağlı binanı idarəedən şəxslər kimlərdirsə sakinlər ərizə ilə müraciət edib komissiya yaradılmasını təşkil edə bilərlər. Belə bir təhlükəli məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmək də lazımdır,”.

Ekspert bildirib ki, məsələ tam araşdırılıb ekspertiza rəy verdikdən sonra binanın nə qədər təhlükəli olduğu aydınlaşmalıdır və lazım olarsa sakinlərin köçürülməsi təmin edilməlidir. 

"Hansısa araşdırma olmadan, orada müayinələr götürülmədən dəqiq rəy vermək olmaz. Yerin səthi, torpaq örtüyü, binanın yerləşdiyi ərazi qiymətləndirilməli, çatlar, su basması, sürüşmə, əyilmə təhlükələri varsa, ekspertizanın rəyində öz əksini tapmalıdır ki, binanın nə qədər təhlükəli vəziyyətdə olması məlum olsun. Və lazım olarsa sakinlərin köçürülməsi də təmin edilməlidir".

Qeyd edək ki, sözügedən binanı "Kristal Abşeron" şirkəti inşa edib. Şirkətin icraçısı Eldar Məmmədov bildirib ki, sakinlərin şikayətinə səbəb olan bir problem yoxdur və onlar rahat şəkildə yaşaya bilərlər:

"Problem binanın altından keçən su xətləri ilə əlaqədi idi. Həmin xətlər artıq uzaqlaşdırılıb”.

Xatırladaq ki, ötən gün məsələ ilə bağlı "Baku Tv" sujet də hazırlamışdı.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin