Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

10:50 - 10 Mart 2023

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.

Bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Millət vəkili Naqif Həmzəyev Manset.az-a açıqlamasında bildirib ki, ikinci Qarabağ savaşı Azərbaycan ordusunun gücünü dünyaya göstərdi:

Naqif Həmzəyev: Heydər Əliyev dühası ölkəmizə əbədi müstəqillik bəxş etdi

“Azərbaycanın silahlı qüvvələri 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan əraziləri işğaldan azad etdi. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini özü yerinə yetirdi. Erməni terroristlərini, erməni separatçılarını bu ərazilərdən qovub çıxardı. Nəticə etibarilə  ötən müddət ərzində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işlərinə başladı. Biz, bir milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünlərinin öz dədə-baba yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər həyata keçiririk. Unutmamalıyıq ki, məhz 1994-cü ildən atəşkəs elan edilmişdi. 1994-cü ilə qədər çoxlu sayda qaçqın və məcburi köçkünlər bu ərazilərdən didərgin düşmüşdü. Hazırda həmin insanların öz dədə-baba yurdlarına qayıtması üçün Azərbaycan bu ərazilərdə həyatı bərpa etmək istəyir”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi işğal etdikləri Azərbaycan torpaqlarında sülh və insanlıq əleyhinə cinayətlər törədiblər:

“Biz torpaqlarımızı işğaldan azad etsək də, bu ərazilərdə normal həyatın olması üçün heç bir şərait qalmayıb. Ermənistan, erməni vandalları burada daşı daş üstə qoymayıblar. Bizim bütün infrastrukturları məhv ediblər. Hətta tarixi-mədəni abidələrimizi ya dağıdıblar, ya da saxtalaşdıraraq özünküləşdiriblər. Həmçinin təəssüflər olsun ki, bizim qəbirləri belə təhqir ediblər. Bütün bunlarla yanaşı, birinci Qarabağ savaşı zamanı 4 minə yaxın Azərbaycan vətəndaşının, hərbçisinin taleyi hələ də bəlli deyil. Biz ötən müddət ərzində bu ərazilərdə çoxlu kütləvi məzarlıqlar tapdıq. Bu kütləvi məzarlıqlarda öldürülmüş, işgəncə ilə qətlə yetirilmiş insanların kimlikləri müəyyənləşdirilir, ekspertiza işləyir. Bunun kimi çoxlu kütləvi məzarlıqlar var ki, hələ də Ermənistan tərəfi bu 4 min nəfərin taleyi ilə bağlı bizə doğru, dolğun məlumat verməyib. İstənilən halda Azərbaycan öz gücü hesabına bu torpaqları işğaldan azad etdi”.

Deputat vurğulayıb ki, hazırda bütün əməliyyat şəraitinə Azərbaycanın silahlı qüvvələri nəzarət etməkdədir:

“Bu gün də Azərbaycan bütün şərti sərhədboyu ərazilərdə silahlı qüvvələrimizi yerləşdirib. Ermənistanın törədəcəyi istənilən təxribatın qarşısı alınıb. Bu gündən sonra da alınacaqdır. Bir daha biz imkan verməyəcəyik ki, kimsə Azərbaycanın torpaqlarını işğal etsin və azərbaycanlılara qarşı soyqırımı və işgəncə siyasəti həyata keçirsin.Azərbaycan regionda əsas güc sahibidir. Regionun aparıcı dövlətlərindən biridir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan zəfər çalmasına baxmayaraq Ermənistana sülh əlini uzadıb:

“Təəssüflər olsun ki, Ermənistan tərəfi sülhü tam olaraq qəbul etmirlər. Prosesləri öz xeyirlərinə dəyişmək üçün sülh prosesini uzadırlar. Hər dəfə havasarlarının onlara verdiyi dəstəyə arxalanaraq təxribatlar törədirlər, sülhə kölgə salırlar. Bir sözlə, regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün faktiki olaraq Ermənistan tərəfi real addımlar atmır. Əksinə, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni separatçıları, qanunsuz erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam olaraq tərk etməyiblər. Rus sülhməramlılarının nəzarətində olan ərazilərdə separatçılar bu gün də fəaliyyətlərini davam etdirirlər. Onlar Azərbaycan faydalı qazıntılarını talan edirlər, Azərbaycan ekologiyasına vurduqları ziyanı davam etdirirlər. Bu gün də Azərbaycanda ekoloji böhranın böyüməsi üçün öz səylərini artırırlar. Azərbaycan  ekofəalları bu ekoloji terroru dayandırmaq üçün ekoloji etiraz aksiyası keçirirlər. Laçın yolunda bu aksiya uğurla həyata keçirilir. Ermənilər bu yoldan silah-sursat daşımaq, bu yoldan hərbçiləri daşımaq üçün istifadə edirdilər. Hazırda isə yalnız humanitar məqsədlər üçün bu yol fəaliyyət göstərməkdədir. Ancaq buna baxmayaraq, ermənilər alternativ yollarla yenə də silah-sursat daşıyaraq erməni quldurların, erməni hərbçilərinin bu ərazilərə gətirilməsini həyata keçirirlər. İstənilən halda dünya ictimaiyyəti Azərbaycanın zəfərini qəbul edib. Dünya ictimaiyyəti Azərbaycanın regionda oynadığı rolu çox yaxşı dərk edir, anlayır. Ancaq istənilən halda erməni havadarları, xüsusilə Fransa Azərbaycan əleyhinə müəyyən qətnamələr qəbul etdirmək, Ermənistana müəyyən dərəcədə dəstək olmaq, Ermənistanı sanki "biz sizi tək qoymadıq" - fikrini formalaşdırmaq istəyirlər. Biz beynəlxalq konvensiyalara, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə arxalanaraq torpaqlarımızı işğaldan azad etmişik. Bu gün də eyni hüquqi bazaya söykənərək fəaliyyətimizi davam etdiririk”.

Naqif Həmzəyev hesab edir ki, ölkəmiz bütün sferalarda öz mövqeyini gücləndirib:

“Ermənistan və onun havadarları prosesləri uzatmaqla yalnız və yalnız Ermənistana zərbə vururlar və Ermənistanın müstəqilliyini təhdid altına salırlar. Xüsusilə də son dövrdə şərti Azərbaycan-Ermənistan sərhədlərinə Avropa İttifaqı nümayəndə heyətinin müşahidə missiyasının göndərilməsi faktiki olaraq Ermənistanı həvəsləndirib, Ermənistana motivasiya verib. Ermənistan yenidən revanş əldə etmək istəyir. Revanşist qüvvələr üçün bir fürsətdir. Ancaq istənilən halda Azərbaycan bütün təxribatların qarşısını almaq gücündə, iqtidarındadır. Ermənistana verilən bu cür lazımsız dəstəklər nəticə etibarilə sülh anlaşmasını uzadır və Ermənistanı müəyyən dərəcədə sülh masasından yayınmağa sövq etməkdədir. Azərbaycanın əldə etdiyi zəfəri haqqı idi. Bu gün də Azərbaycan dünya ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməsi və reallıqların tam olaraq dərk edilməsi üçün öz işlərini davam etdirməkdədir. Biz ümid edirik ki, erməni yalanlarına inanan, Ermınistanı məzlum, yazıq və əzilmiş xalq kimi qəbul edən erməni havadarları gec-tez bu reallıqları dərk edəcəklər və ermənilərin əsl simalarını görəcəklər. Birinci Qarabağ savaşı zamanı Xocalı soyqırımının və digər Azərbaycan ərazilərində törətdikləri vəhşilikləri qorxmadan, çəkinmədən dünya ictimaiyyətinə söyləyə biləcəklər və ermənilər də törətdikləri bu cinayətlərə görə Azərbaycandan üzr istəyəcək və Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəyəcəkdir”

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin