Vətəndaşlara zəng edərək 4G nömrə satan kimdir?

19:54 - 13 Mart 2023

Vətəndaşlara zəng edərək 4G nömrə satan kimdir?

Son günlər bəzi abonentlərə tanımadıqları nömrədən zəng gələrək 4G şəbəkəsinə uyğunlaşdırılması üçün yeni nömrə almalarının lazımlığı bildirilir.

 

Zənglər uzun illər eyni nömrəni istifadə edən vətəndaşlara edilir. Özünü operatorlardan birinin nümayəndəsi kimi təqdim edən şəxs xidmətin müqabilində abonentdən sadəcə 1,50 manat kuryer pulu istəyir.

Manset.az xəbər verir ki, bu barədə “oxu.az”a ünvanlanan şikayətdə bildirilib.

Müəllifin sözlərinə görə, ona gələn zəng zamanı operatorun adının görünməməsi, ya da heç olmasa nömrənin qısa olmaması onda şübhə yaradıb. Bu səbəbdən geri əlaqə saxlayıb (Halbuki adətən operatorlar birtərəfli olur və geri yığmaq mümkün deyil).

Həmin nömrədən cavab verən şəxs əvvəlcə sözügedən operatorun əməkdaşı olduğunu deyib. Rəhbərlikdən kiminləsə danışmaq istədikdə isə, sualları özünü Aytən kimi təqdim edən xanıma yönəldib. O da özünü həmin operatorun əməkdaşı kimi təqdim edib (amma hansı şöbənin və ya xidmətin işçisi olduğunu açıqlamayıb).
Bir az sual-cavabdan sonra isə məlum olub ki, bunlar tamamilə üçüncü tərəfdir. “Aytən” xanım sonda vətəndaşın suallarının qarşısında aciz qalaraq dəstəyi asıb.

Bu insanların məqsədlərinin nə olması aydın deyil. Çünki abunəçiyə aid olan mobil nömrənin onlara kimin necə ötürdüyü barədə heç bir açıqlama verə bilmirlər.

Şikayətçi bu məktubu vətəndaşları ehtiyatlı olmağa çağırmaq üçün yazdığını bildirib. Onun sözlərinə görə, dələduzlar bu yolla nömrəyə giriş əldə edə və müxtəlif cinayət əməlləri üçün istifadə edə bilərlər.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin