SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
20:57 - 9 Mart 2023
Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminində 16 yaşlı Sadiqi (adlar şərti verilib - red.) qətlə yetirib.
Manset.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, Araz 15 iyun 2021-ci ildə saat 17 radələrində tanışı Sadiqin “WhatsApp” tətbiqinin status bölməsinə yerləşdirdiyi videonun şərh hissəsində, onunla qonşuluqda yaşayan Lalənin adının baş hərfini yazdığını görüb. O, Sadiqə mesajda həmin yazını silməsini tələb edib.
Araz yazını silməyəcəyini bildirdikdə onlar bir-birilərinə təhqiramiz məzmunda mesajlar və səs yazıları göndəriblər. Məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşıblar. Saat 20 radələrində deyilən ünvanda görüşüblər. Mübahisəni davam etdirmək məqsədilə birlikdə Ağsu rayon Qaraqaşlı kənd qəbiristanlığının yaxınlığına gediblər.
Araz qızın adını telefondan silməməsini bəhanə edib və Sadiqin sifət nahiyəsindən yumruq zərbəsi vurub. Daha sonra yerə yıxaraq onu döyüb. Sadiq ağır xəsarətlə xəstəxanaya yerləşdirib və orada ölüb.
İstintaq orqanı tərəfindən Arazın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
“Lalənin baş hərfini sil”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Araz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, qonşuluqda yaşamış mərhum Sadiqlə normal münasibətləri olub:
“İyunun 15-də günorta saatlarında dayım Vasif, nənəm Səidə, xalam oğlu Valeh və dayımın azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonunda yaşayan xalam Əsmərgilə qonaq getdik.
Saat 15:30-da mobil telefonumda “WhatsApp”a daxil olduqda Sadiqin statusa sevgi münasibətlərini əks etdirən video yerləşdirdiyini, həmin videonun şərh hissəsində isə qonşumuz Lalənin adının baş hərfi olan “L” hərfi yazdığını gördüm.
Sadiqə mesaj yazdım və kənar şəxslərin də Lalənin adını görəcəyini, bunun yaxşı olmadığını bildirdim, həmin statusu silməyi məsləhət gördüm.
Sadiq cavab olaraq “silmirəm” sözünü yazdıqdan sonra aramızda mübahisə yarandı. Sadiq ünvanıma təhqiredici mesajlar yazdı”.
“Qəbiristanlığa gəlməyimi tələb etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün özündə kontur olmadığına görə xalası oğlu Valehin mobil telefonu ilə Sadiqə zəng edib:
“Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Sadiq məndən yerimi soruşdu. Ona İsmayıllı rayonunda olduğumu bildirdim. Məndən kənd qəbiristanlığına gəlməyimi tələb etdi. Saat 19:30-da Valehlə birlikdə dayım Vasifin avtomobili ilə Ağsuya gəldim.
Ağsuda Meleratorlar qəsəbəsində “Artezian” adlanan yerin yaxınlığında avtomobildən düşdüm. Valehin dostu Daşqının artezian deyilən yerin yanında olduğunu gördüm. O da avtomobildən düşdü”.
“Dedim, “Artezian”da danışaq”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Valehlə birlikdə Daşqının yanına gediblər:
“Daşqınla söhbət əsnasında Vüqar və digər tanışlarını gözlədiyini, birlikdə “Şərq” kafesinə gedəcəklərini dedi. Valehin mobil telefonu ilə Sadiqə zəng vurdum, harada olmasını soruşdum. Kənd qəbiristanlığının yaxınlığında olduğunu bildirdi. Ona “Artezian” adlanan yerə gəlməsini bildirdim.
Bir neçə dəqiqə sonra Sadiq gəldi. Valeh və Daşqınla salamlaşdıqdan sonra qolumdan tutdu, söhbət etmək üçün qəbiristanlığa getməyi təklif etdi.
Ona qəbiristanlığa getməyəcəyimi, “Artezian” adlanan yerdə söhbət edə biləcəyimi bildirdim. Sadiq təkidlə qəbiristanlıqda söhbət etməyi tələb etdi”.
“Bir-birimizə nalayiq ifadələr işlətdik”
Arazın sözlərinə görə, Vüsal, Murad və Asif də onların yanına gəlib: “Asif mənə Sadiqlə dalaşmamağı, yalnız söhbət etməyi məsləhət gördü. Sadiq qolumdan tutaraq yenidən təkidlə qəbiristanlığa getməyi tələb etdi. Mən də onunla birlikdə qəbiristanlıq tərəfə getdim. Digər şəxslər bizdən təxminən 100 metr arxada yavaş-yavaş arxamızca gəldilər.
Biz kolluq yerin yaxınlığında üzbəüz dayanaraq söhbət edən zaman Sadiq bir qədər hündürdə dayanmışdı. Bir-birimizə qarşı yenə nalayiq ifadələr işlətdik. Sadiq əli ilə sifətimə toxundu. Ona əlini sifətimdən çəkməyi bildirdim.
Sadiq mənə qarşı söyüş işlətdiyindən, əsəbiləşib yumruqla sifətinin sol gicgah nahiyəsinə vurdum. Sadiq qolları ilə belimdən tutanda çənəmi onun sinəsinə dirədim, belini əydim.
Daha sonra başının arxa nahiyəsinə 2 yumruq vurdum. Sadiq başımı qolları arasına aldı. Belindən tutaraq onu qaldırmağa cəhd etdim. Lakin ağır olduğundan gücüm çatmadı”.
“Suyu üzünə çiləsələr də, ayılmadı”
Araz bildirib ki, Sadiqin qolları bir qədər boşaldığı üçün ayağının qatlanan yerinə arxadan təpik vurub: “Sadiq arxası üstə yerə çırpıldı, onun üzərinə yıxıldım. Əlbəyaxa olduğumuzu görən dayım oğlu və digər şəxslər qaçaraq bizə tərəf gəldilər. Ayağa qalxanda Sadiqin özündən getdiyini gördüm. Vüsal və Murad Sadiqin dilinin qatlandığını gördülər və onun dilini çıxarmağa çalışdılar.
Yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirdilər, suyu Sadiqin üzünə çiləsələr də, ayılmadı. Sadiqin ayılmadığını görəndə onu orada qoyub qaçdılar.
Sadiqi ayıltmağa çalışsam da, bacara bilmədim. Bu zaman yanımıza tanımadığım 45-50 yaşlarında bir kişi və 35-40 yaşlarında bir qadın da gəldi. Mobil nömrə ilə “103”ə zəng etdim. Sadiqin özündən getməsini, qəbiristanlıqda olması barədə məlumat verdim.
Beş dəqiqə sonra təcili yardıma bir daha zəng etdim, onu qarşılamaq üçün hadisə yerindən uzaqlaşaraq yola çıxdım. “Beş mərtəbə” deyilən yerin yanından təcili tibbi yardım avtomobilini qarşıladım.
Həkimlər Sadiqi ambulansa mindirib xəstəxanaya apardılar. Mən yaşadığım evə gəldim və üst-başımı təmizlədim”.
“Polis şöbəsinə getdik”
Araz qeyd edib ki, atası ondan nə baş verdiyini soruşub: “Olanlara izah etdim və evdən qaçdım. Evdən çıxarkən mobil telefonumda Sadiqlə aramızda olan mesajlaşmaları sildim. Yaxınlıqdakı dar küçəyə getdim və gecəni küçədə qaldım. Ertəsi gün saat 06:00-da yaşadığım evə qayıtdım.
Atam məni polis şöbəsindən axtardıqlarını bildirdi. Atamla birlikdə polis şöbəsinə getdik”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Araz 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini, aşağı həddə cəza verilməsini istəyib.
Mərhum Sadiqin babası tərəfindən də apellyasiya şikayəti verilib. Hüquqi varis təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, hadisə yerində olan digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, tərəflərin şikayəti təmin olunmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin