Prezident mühüm Fərman İMZALADI

16:37 - 9 Mart 2023

Prezident mühüm Fərman İMZALADI

Prezident İlham Əliyev səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, Fərmana əsasən,“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” (bundan sonra – Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.

Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” (bundan sonra – Qurum) publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Müəyyən edilib ki:

Mərkəzin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;

Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

Qurumun “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

Səhiyyə Nazirliyi:

Qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməli;

Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli;

bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

TƏBİB:

Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etməli;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli;

bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Mərkəz soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etməlidir.

“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953; 2020, № 3, maddə 254; 2022, № 5, maddə 445, № 8, maddə 846) 2-ci hissəsindən “İnnovasiya və Təchizat Mərkəzi,” sözləri çıxarılmalıdır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərmanın 1-ci və 7-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin