Azərbaycanda qalmaqallı vəzifəli şəxs işdən çıxarıldı - FOTO

14:00 - 9 Mart 2023

Azərbaycanda qalmaqallı vəzifəli şəxs işdən çıxarıldı - FOTO

5 ay əvvəl Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqalı ictimailəşdirmişdik. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problemi, təzyiq və təhdidlərdən ibarət faktları qeyd etmişdik.



Həmçinin məktəbin direktor əvəzi Ülkər Quliyeva ilə əlbir olaraq Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqınını əks etdirən virdeogörüntü təqdim etmişdik.

Ardınca məktəbdə bıçaqlanma və zorlanma olaylarının baş verdiyini, amma direktor əvəzi Ülkər Quliyevanın bu hadisələri ört-basdır etdiyini dərc etmişdik. Biabırçı olayların məkanına çevrilən tədris ocağının idaretməsi ilə bağlı nəhayət ki, rəsmi qurumlardan reaksiya gəlib. 
Belə ki, Elm və təhsil nazirinin əmri ilə Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktor vəzifəsini icra edən Ülkər Quliyeva vəzifəsindən uzaqlaşdırılıb, əvəzinə isə yeni təyinat olub. 

Manset.az xəbər verir ki, bu barədə Bizim.Media-ya özəl açıqlamasında Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib:


“Hazırda Kürdəmir rayonu Şilyan kənd E.Zülfüqarov adına tam orta məktəbdə direktor vəzifəsi vakantdır. Qeyd edirik ki, direktor vəzifəsinin müvəqqəti olaraq səlahiyyətlərinin icrası məktəbin texnologiya müəllimi Quliyeva Ülkər Rəhim qızına həvalə olunmuşdu.

Əlavə olaraq bildiririk ki, yaxın günlərdə həmin məktəbə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkil etdiyi şagird sayı 500-dək olan direktor vəzifəsinə işə qəbul müsabiqəsində uğur qazanmış Mütəllim Mütəllimovun təyin olunması nəzərdə tutulur”, - deyə qurumdan bildirilib. 

Qeyd edək ki, oktyabrın 14-də Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və “press” geyimində “jurnalist” ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsini pozaraq, müəllimi dəhlizə çıxarıblar. Müəllimin polis tərəfindən aparıldığını zənn edən şagirdlər ağlayaraq sinif rəhbərlərinin geri dönməsini tələb ediblər.
Uşaqları sakitləşdirən digər müəllim yoldaşı isə həmin məqamı lentə alıb.

Əlavə olaraq ötən ilin dekabrında şagirdlər arasında bıçaqlanma, may ayında isə zorlanma faktları yaşanıb. 

Onu da bildirək ki, tədris ocağında baş verən insident və biabırçı olayları ilk Bizim.Media ictimailəşdirib. 



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin