"Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. O ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir. Onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər çox cavanlaşıb. 30 yaşlı cavan ürəktutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbiristanlıqlarda bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq".