COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
11:54 - 3 Mart 2023
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Ölkəmiz müstəqilliyi dövründə istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub.
Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.
Millət vəkili Tahir Rzayev Manset.az-a bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması hər birimizə, dünya ictimaiyyətinə yaxşı məlumdur:
“Bu, əməli işdə özünü göstərir. Xüsusilə Azərbaycan Prezidentinin, Azərbaycan xalqının sülh çağırışlarında demokratiya, insan hüquqlarına, azadlıqlarına münasibətdə özünü göstərir.
Bu gün də, bu, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən qəbul ediləndir. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə rəhbərlik etməsi və bu tədbirlərdə öz sözünü açıq-aydın ifadə etməsi sülhə, azadlığa, haqqa, ədalətə dəstək verməsi göstərir ki, Azərbaycan beynəlxalq aləmin, beynəlxalq təşkilatların ən nüfuzlu üzvlərindən birinə çevrilməkdədir”.
Millət vəkili qeyd edib ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir:
“Bu günlərdə Bakıda keçirilən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bunu bir daha təsdiqləyə bilər. Azərbaycan Respublikası Prezidentinin sülh çağırışları, dünya ictimaiyyətinə üzünü tutması haqqın, ədalətin dəstəklənməsinə münasibəti bir daha göstərir ki, biz dünyanın bir parçası olaraq beynəlxalq təşkilatlarla əlaqələrimizi möhkəmləndirməkdə maraqlıyıq. Dünyaya inteqrasiya olunmaq bizim dövlətin gələcəyi üçün çox faydalıdır. Tarix bir daha göstərdi ki, burada iştirak edən dünya ölkələrinin rəhbərləri eləcə də o mötəbər şəxslər, görkəmli siyasətçilər Azərbaycanın tutduğu bu yolu bəyənirlər. Bu həmin şəxslərin çıxışlarında bir daha öz ifadəsini tapdı. Dünyanı münasibətlər inkişaf etdirir. Münaqişələrə, mühariblərə ancaq dünyaya inteqrasiya olunmaq beynəlxalq hüquq normalarını yaşatmaq, onu həyata keçirmək ancaq fayda verər”.
Deputat vurğulayıb ki, ölkə başçısı beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir:
“Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən bu dəyərləri əlində rəhbər tutub. Bu gün də o dəyərlərə söykənir və o dəyərlərin həyata keçirilməsi üçün özünün bütün səylərini ortaya qoyub. Son bir neçə günün hadisələrini xatırlasaq bunun aydın mənzərəsini görərik. Elə Münhendə Azərbaycan Prezidentinin dünyada təhlükəsizliyin təmin olunması ilə əlaqədar çıxışında səsləndirilən fikirlər, orada ABŞ-ın dövlət katibi ilə söhbəti, eləcə də bir çox siyasətçilərlə görüşləri deməyə əsas verir ki, Azərbaycan düz yoldadır. Sülhün, əmin-amanlığın bərqərar olunması yolundadır. Çünki Azərbaycan müharibələrdən, münaqişələrdən böyük əziyyət çəkib. 30 il bizim torpaqlarımız işğal altında qalıb”.
Tahir Rzayev əlavə edib ki, əzəli torpaqlarımızın işğalı fonunda biz beynəlxalq təşkilatlar ədalətli mövqe ortaya qoymayıblar:
“Xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməyib. Bir çox beynəlxalq təşkilatların sənədləri stol üstündə qalıb. Bizim haqq səsimiz dünya dövlətləri tərəfindən eşidilməyib. Lakin Cənab Prezidentin xatırlatdığı kimi, biz həmin qətnamələri öz gücümüzə həyata keçirmişik. Haqqı, ədaləti, tarixi keçmişimiz olan torpaqlarımızın toxunulmazlığını bərpa etmişik. Ona görə də, torpaqları uzun müddət işğal altında olan, əzab-əziyyət çəkən xalq kimi, dövlət kimi Azərbaycan Prezidenti istəyir ki, dünyada sülh, əmin-amanlıq olsun. Bunun yolu da dünya dövlətləri ilə əməkdaşlıqdan, sağlam münasibətdən keçir. Dünya ölkələri arasında, qonşu dövlətlər arasında bu əməkdaşlıq münasibətləri möhkəmlənərsə, yaxşılaşarsa dünyada da sülh, əmin-amanlıq bərpa edilmiş olar”.
Millət vəkili qeyd edib ki, bu gün beynəlxalq arenada Azərbaycanın nüfuzu çox yüksəkdir:
“Mən bir vətəndaş kimi, bir millət vəkili kimi Azərbaycanın beynəlxalq aləmdə qazandığı bu nüfuzu yüksək qiymətləndirirəm. Bu, bizim dövlətimizin gələcəyi, xalqımızın xoşbəxtliyi üçündür. Dünyaya inteqrasiya olunmağımız, dünya dövlətləri ilə münasibətlərimiz həm Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməkdə özünün töhfəsini verir, həm də biz dünyada demokratik, azad, suveren bir dövlət kimi tanınırıq”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin