Misirin paytaxtı Qahirənin qərbində yerləşən Giza piramidalarının ən böyüyü və Dünyanın Yeddi Möcüzəsindən biri olan Xeops Piramidasında (Kral Xufu Piramidası) çox əhəmiyyətli bir kəşf edildi.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qazıntılar zamanı Xeops piramidasının içərisində kralın dəfn otağına aparacağı düşünülən uzunluğu 9 metrdən, eni 2,1 metrdən çox olan keçid aşkar edilib.
Layihədə iştirak edən misirli arxeoloq Zahi Həvvas kəşflə bağlı bunları deyib:
"Məncə, Kral Xufunun dəfn otağı tapılmayıb və inanıram ki, bu keçid Kral Xufunun dəfn otağını qorudu. Biz daha çox sirləri üzə çıxarmaq üçün axtarışı tamamlamalıyıq".
Qahirə Universitetinin rektoru Məhəmməd əl-Həşt də bu gizli keçidin 7 illik fasiləsiz iş nəticəsində aşkarlandığını bildirib.
Misirin Turizm və Qədim Əsərlər naziri Əhməd İsa kəşfin ən mühüm beynəlxalq kəşf olduğunu açıqlayıb.
Manşet.az