Evi məcburi köçkün tərəfindən zəbt olunan ailə illərdir kirayələrdədir - VİDEO

19:56 - 27 Fevral 2023

Evi məcburi köçkün tərəfindən zəbt olunan ailə illərdir kirayələrdədir - VİDEO

Dördotaqlı evi məcburi köçkün tərəfindən zəbt olunan sumqayıtlı ailə 10 illərdir ki, kirayələrdə qalır.

 

Manset.az xəbər verir ki, Ağakişiyevlər ailəsi 1994-cü ilə kimi Ağakişiyev Firuddin Balaqadaş oğluna uzun illər işlədiyi, Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi )1978-ci ildə verilən evdə yaşayıblar. 1994-cü ildə müraciətləri əsasında icra hakimiyyəti tərəfindən onlara köhnə evi dövlətə təhvil vermək şərti ilə verilən yeni dördotaqlı evə köçmək istəyərkən məlum olur ki, onların halal mənzili Kəlbəcərdən məcburi köçkünlər Muxtarov Zakir Ədil oğlu, Muxtarov Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub. Ailə Sumqayıt sakininin mənzilinə qapısını sındıraraq daxil olub. Bununla da Ağakişiyevlər dövlətə təhvil verdikləri evə geri qayıdıblar. Amma bu evdə yaşamaq da onlara qismət olmayıb.

Beləliklə hər iki evini itirən ailə o gündən kirayələrdə gün keçirir. Ağakişiyevlər indiyədək kirayələrdə 30 min manatdan çox pul xərclədiklərini bildirirlər.

Həqiqət Ağakişiyeva deyir ki, həyat yoldaşı Firuddin Ağakişiyev rəhmətə gedənə kimi öz evlərində yaşamaq üçün uzun müddət mübarizə aparıb, amma öz evində yaşamaq ona qismət olmayıb. O, 2019-cu ildə rəhmətə gedib. Həqiqət xanımın tək istəyi heç olmasa övladlarının kirayələrdən qurtulmasına nail olmaqdır.

Həqiqət xanım bildirir ki, zəbt olunan mənzil 27.08.2007-ci il tarixdən onların adına özəlləşdirilib və bütün ailə üzvləri indiyədək elə o evdə qeydiyyatdadırlar.

Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə evin boşaldılması haqda iddiası təmin edilib. Amma əllərində məhkəmə qətnaməsi olsa da, artıq 12 ildir ki, icra edilmir.

Məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsinə görə həyat yoldaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət verib. Bu barədə qətnamə qəbul edilib, kömək kimi ailəyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2 310 avro məbləğində kompensasiya da ödənilib.

Həqiqət Ağakişiyeva deyir ki, aidiyyəti dövlət qurumlarına göndərilən rekord sayda məktublara, teleqramlara, müraciətlərə, çoxsaylı məhkəmələrə baxmayaraq, yerinə yetirilməyən vədlərdən başqa heç bir şey əldə etməyib.

Gələn cavablar isə adətən, bu istiqamətdə olub:

“Dövlət Proqramına əlavələrin icrası ilə əlaqədar evlər tikildikdən sonra yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrin, o cümlədən sizin mənzilinizdə məskunlaşmış məcburi köçkün ailəsinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”.

Ya da: “Hazırda Komitənin balansında boş mənzil fondu olmadığı üçün həmin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsini başqa yaşayış sahəsi ilə təmin etməsi imkanı xaricindədir”.

Ağakişiyevlərin evində yaşayan məcburi köçkün Solmaz Muxtarova isə bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma onlara verilən cavab “səbirli olun” olub.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Aldığımız cavab isə belə oldu:

“Sorğunuza cavab olaraq bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad edilmiş ərazilərə respublikanın şəhər və rayonlarda müxtəlif təyinatlı müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi zamanı başqasının mənzilində yaşayan məcburi köçkünlər də mərhələli şəkildə köçürüləcəklər”.

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafazadə isə bildirir ki, didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir. Bu vəziyyətdə vətəndaşın kirayələrdə xərclədiyi pulla bağlı dəymiş zərərə görə vəsatət qaldırmaq hüququ yaranır.

Həqiqət xanım isə bildirir ki, həyat yoldaşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə onun xeyrinə olan Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsinin icra edilməməsinə görə ailəyə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq hər iki qurumun ayrılıqda 10 000 manat ödəməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırıb, amma bu tələbləri təmin olunmayıb.//apa


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin