Vüqar Səfərlinin varidatı yenidən gündəmə gəldi

12:52 - 27 Fevral 2023

Vüqar Səfərlinin varidatı yenidən gündəmə gəldi

Vüqar Səfərlinin ailə üzvləri yenidən kassasiya şikayəti verib.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, onun övladları Seymur Səfərli və Samir Səfərli ilk dəfə 18 sentyabr 2022-ci ildə sözügedən məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edərək, müsadirə olunmuş əmlakların geri qaytarılmasını istəyiblər.

Hazırki şikayətlə bağlı məhkəmənin ilkin hazırlıq iclası sabah keçiriləcək. Pravda.az-ın məlumatına görə, şikayətə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 12 yanvar 2021-ci ildə İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ləğv edilib. 14 yanvar 2021-ci ildə isə ləğv edilən qurumda Hesablama Palatasının materialları əsasında dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həbs edilən keçmiş icraçı direktorun müsadirə olunan əmlakının siyahısı isə aşağıdakı kimidir:

- Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;

- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

- Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 və 0,19 hektarlıq torpaq sahələri;

- “Mersedes Benz ML 350”, “Volksvagen Tuareq” və “Toyota lənd Kruser” markalı avtomobillər;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;

- Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- V.Səfərlinin Rabitəbank ASC-də hesabında olan 300 min manat və həmin bankda oğlunun hesabına olan 500 min manatı, Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsait.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin