Elektrik enerjisinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA

19:49 - 24 Fevral 2023

Elektrik enerjisinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA

Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

 

Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər aşağıdakılardır:

- elektrik enerjisinin ötürülməsi tarifləri;

- elektrik enerjisinin paylanması tarifləri;

- bazar operatorunun xidmətlərinin tarifləri;

- ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;

- sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri.

Elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi və paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır. Elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur. Elektroenergetika sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 3.1.5-ci maddəsində göstərilən qaydaya (ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydası) uyğun olaraq hesablanır.

Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətlərinin formalaşması mexanizmləri aşağıdakılara əsaslanır:

- elektrik enerjisi alıcıları və satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansı;

- qiymətləri elektrik enerjisinin alqı-satqı müqaviləsi tərəflərinin müəyyən etməsi.

Topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən edilir. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edirlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Sənədin qəbulundan sonra energetika sistemində rəqabətqabiliyyətli (istehsal və satış) və tənzimlənən fəaliyyətlər (ötürmə və paylama) ayrılacaq. Elektrik enerjisinin topdan və pərakəndə satış tarifləri tənzimlənəcək, bu sahədə səmərəlik artırılacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin