Keçmiş varlı narkoman: “7 maşın, 3 evi satıb bu zəhərə vermişəm” - ŞOK MÜSAHİBƏ(VİDEO)

21:08 - 28 Avqust 2021

Keçmiş varlı narkoman: “7 maşın, 3 evi satıb bu zəhərə vermişəm” - ŞOK MÜSAHİBƏ(VİDEO)

O çox varlı bir ailənin yeganə oğlu olub. 37 yaşlı Kamil Nadirov. Narkotikaya qurşananda 26 yaşı varmış . Deyir? o günə qədər siqaret də çəkməmişdim.

 

“İstədiyim hər şey önümə hazır gəlirdi. Maşınlarım, evlərim, pulum. Macəra axtarırdım. Ətrafımda narkoman dostlar var idi. Onlarla başladım”. Bu fikirləri yutuber Nail Kəmərlinin kanalında keçmiş narkoman, bu gün tamamilə sağalıb, başqalarının da bu kabus, zülmət yoluna düşməməsi üçün çalışan Kamil Nadirov danışır.

“Öncə nəşə çəkdim. Dedilər, keç iynəyə, keçmirdim. Günün birində maşında gələndə dostum özünə vurduğu iynənin son qramını da arxadan qəflətən çiynimdən mənə yeritdi. Ləzzət aldım. Sonra yenə istədim. 3 dəfə havayı verəndən sonra dedi ki, bu bahalı maldı. Neçəyədi? Söhbət gedir 2004-cü ildən. Dedi 1500 manata. Deyirdilər qorxma, asılılıq yaratmır. Yaratmır nədir... Elə aludə olurdum ki, onsuz qalsam, beynim dönürdü, dünyanı dağıdardım. Dünyada mənim üçün anamdan əziz heç kim olmayıb, anam xəstələnib, üstünə həkim çağırmışıq, lakin həkimin əlində şprisi görmüşəm, canım “mal” istəyib. Düşüb evin altında vurub sonra gəlmişəm. Ana yadıma düşməyib. İmkanım var idi deyə çox alırdım, dozam böyük idi. Səhər, günorta, axşam yarım qram heroin vururdum, dalınca 5-6 cür müxtəlif narkotik tabletlər işlədirdim. Nəşəni də ki, siqaret əvəzi çəkirdim. Ona görə əl çəkməyim çətin oldu. Dəfələrlə müalicə alıb, yenidən bu murdar yola qayıtmışam. Zığda yanan korpusdan sağ çıxan son adam mən olmuşam. Tailandda fərqli müalicə edirlər. Ukraynada, Tailandda müalicə aldım. Tailanda müalicənin 1 həftəsi 7000 dollar idi. Ay yarım müalicə alıb gəldim. Sağlam hiss elədim özümü, buraxdılar, di gəl ki, aeroportan gələndə elə taksidə artıq narkotik zakaz eləmişdim.

Tərgitmə çətin olanda daha sağlam tərgidirsən. Taillandda bütün gün yatızdırılar, yemək yeyirsən, yenə uzadırlar yatırsan. Ağrılardan xəbərsiz olursan.

7 il istifadəçi olmuşam. Zığda 21 günə sağaldın deyib buraxırlar. Ən çox 7 gün dayanıb sonra yenidən başlamışam. Nəzarətsiz olmaz. Sən narkotikdən uzaqlaşanda həyata yeni doğulmuş kimi olursan. Tək bacarmırsan, çətin olur. O bir həyat deyil. Günlər bir birinə bənzər, heç bilmirsən neynirsən. Özümə o qədər ölüm arzulamışam. Arzulamaqla qalmayıb, intihara cəhd də etmişəm. Saatda 160 km sürətlə gedən maşınla daş dolu Kamaza özümü çırpmışam. Maşını doğrayıb məni çıxardıblar, amma dərim də cızılmayıb. Dəfələrlə yüksək dozada qəbul eləmişəm, dənizə atmaq istəmişəm özümü. Ölməmişəm. Bilmirəm niyəsə Allah məni öldürməyib, nəyə görəsə yaşadıb. Yəqin anamın dualarına rəhm edib. Ona çox zülm eləmişəm”- deyir Kamil. İtirdiyi illərdə peşmanlığı dövləti deyil, heç geri qazana bilməyəcəyi sağlamlıığı və ana-atasını vaxtsız qocaltmasıdır.

“Mənə yenidən şans verilsə, var-dövlət istəməzdim, bir ayaqqabım, bir şalvarım olaydı, amma o 10 ili geri ala biləydim. Mən tərgitməni öz başıma elədim. 12 manatlıq sadə bir dərmanla. Bağa gəldim, telefonları qırıb, hər kəslə əlaqəni kəsdim . 6 ay zülm çəkdim. 3 il 7 aydır telefon işlətmirəm. Yuxusuzluq daha çox əziyyət verirdi. 1 il sonra bədənim tərgitdi. Özüm özümə dəstək verdim. Həyət işlərinə verdim özümü.

Biz etimadı itirmiş insanlarıq. Amma narkomanı tək qoymazlar. Bilirəm, bezdirirk. Məndən də çox adam bezmişdi. Bir anam bezmədi, əlini buraxmadı.

Narkotikdən qurtarandan sonra iş tapmaq lazımdır. İstənilən iş ki başın qarışsın, beynin təmizlənsin, unutsun.

Bu zəhər məndən nələri aldı? İllərimi, ana-atamın sağlamlığını, öz sağlamlığımı və gəncliyimi itirdim. Bir də qazandığımı, valideynlərimin qazancını 7-8 maşın, şəhərdə 3 ev. Mən fərsiz oğul hamısını vurdum dağıtdım. İndi çox peşmanam. Həyatımın o zamanını silmək üçün hər şeyi verərdim. İtirdiklərimi geri istəmirəm. Sadəcə, bir ayaqqabım, bir şalvarım olaydı, kasıb olaydım, amma o 10 ili geri alydım. 37 yaşım var və bu həyatı puç eləmişəm.

İndi yeyirəm, yeməyin tamını bilirəm. Bayaqdan zombi həyatı idi. İynəni vurdun, narkoman dostlarla süləndin bitdi. Zombi həyatı idi bu. Yadıma gəlir, 17 minə maşın satmışam. 21 gün sonra anamdan 3 manat siqaret pulu istəmişəm. 21 günə kefə, narkotik, otellərə, əyləncələrə xərclədim pulu. Və bu dönə-dönə belə oldu. 8 maşın, evlər. Nəyimiz vardı, mənim narkotikimin qurbanı oldu. Nə qədər pulun çoxdur, o qədər də çox xərcləyəcəksən və o qədər də çox pul lazım olacaq. Çıxa bilməyəcəksən bu bataqlıqdan.

Xaricdən təmizlənib gəlib, elə aeroport yolunda iynələnmişəm. Narkotikə 3 dost başlamışıq. Dostlarım dartıb məni bu yola. İki dost idik, biz çəkirdik, biri yox. O da çəkmək istəyirdi, mane olmağa çalışdım. Amma olmadı. Onun ölümü məni yandırdı, ali savadlı, vəzifəli bir kişinin oğluydu, artıq dozadan öldü. Vişnyovka yolunda atıblar dostları, 3 gün sonra meyidi tapıldı. Heç kimi bu yola dartmamışam. Bu kişi işi olmayıb, demişəm, mən kişi deyiləm, sən kişi ol”,- deyir Kamil.

Sonda ağır və ağrılı bir təcrübədən keçmiş insan kimi məsləhət verir: “15-16 yaşlı uşaqalara tövsiyəm budur ki, dostluğa, yoldaşlığa düzgün adamları seçsinlər. Avara həyatına dartan dostlardan qaçsınlar, əvvəl axır narkotikaya qurşanacaqlar. Gic-gic narkoman mahnıları var, oğru həyatından bəhs edən şeylərə qulaq asmasınlar”.Bizimyol.info

 

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin