"Heydər Əliyev İli" ilə bağlı bütün tədbirlər böyük təntənə ilə keçiriləcək

14:09 - 17 Fevral 2023

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

 

Prezident İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Yeni ilin ilk günlərindən başlayan 100 illik yubiley tədbirləri nəinki respublikamızda, bir çox xarici ölkədə, həmçinin diaspor təşkilatlarında, səfirliklərimizdə, bir sözlə, dünya azərbaycanlıları tərəfindən böyük sevgi və təntənə ilə qeyd ediləcəkdir. 

Azərbaycan xalqının Ümummilli Lideri - dünyaşöhrətli siyasi xadim Heydər Əliyev xalqımızın yaddaşında daim müdrik lider, ideoloq, müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nəticədə Azərbaycan güclü xalq-dövlət birliyi olan firavan dövlətdən zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji mövqeyə sahib olan ölkəyə çevrilib. 

Millət vəkili, Ana Vətən partiyasının sədri  Fəzail Ağamalı Manset.az-a açıqlamasında bildirib ki, Ümumilli lider Heydər Əliyevin doğum gününün 100 illiyi Azərbaycan üçün ən əziz, müqəddəs günlərdəndir:

Fəzail Ağamalı da gileyləndi: "Bahadır, gilas ala bilməmişəm" |

“Mən deyərdim ki, bu, həm də türk dünyası üçün önəmli tarixi gündür. Şübhəsiz ki, həm də ulu öndərimizin həyatı, fəaliyyəti, onun bəşəri xidmətləri elə bir nəticə gəlməyə imkan verir ki, həm də bəşəriyyət üçün nadir tarixi şəxsiyyətlərdən biri olduğu üçün bu, həm də dünya üçün vacib tarixi günlərdən biridir.

Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan olunub. Biz böyük təntənə ilə, böyük sevinclə bu yüzilliyi yüksək səviyyədə qeyd edəcəyik. Bununla yanaşı, artıq Azərbaycan mediasında ən müxtəlif platformalarda ulu öndərimizin 100 illiyi ilə bağlı silsilə və fərqli tədbirlər də həyata keçirilir. May ayının 10-na qədər təbii ki, bunlar dayanmayacaq. Biri digərindən fərqli, biri digərindən maraqlı tədbirlər reallaşacaqdır”.

Millət vəkili bildirib ki,  “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev irsinin istiqamətləri ilə bağlı çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:

“Bu önəmli tədbirlər Ulu öndərimizin şəxsiyyətinə, onun siyasi irsinə adekvatdır. Mart-aprel aylarında isə  bu cür tədbirlər daha geniş xarakter alacaq, daha geniş keçiriləcəkdir. Bütün cəmiyyətimizin, həyatımızın bütün sahələrində bu tədbirlər bu və ya digər formada özünü ifadə edəcəkdir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər davamlı gedir. Mən düşünürəm ki, bu, müəyyən zamandan sonra həm də ayrı-ayrı ölkələrdə, dost ölkələrdə ulu öndərimizin 100 illiyi qeyd olunacaqdır”.

Deputat qeyd edib ki, Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliği üçün xarici ölkələrdə də tədbirlərin təşkili zəruridir:

“Diaspor komitəsi tərəfindən xaricdə fəaliyyət göstərən səfirliklərimiz səviyyəsində bu tədbirlər həyata keçiriləcəkdir. Sözsüz ki, Heydər Əliyevin həyatı və fəaliyyəti o qədər zəngindir ki,  ona aylarla, illərlə yanaşsaq, yenə də tükənən deyil. Bu baxımdan həm də qardaş ölkələrdə, türk dünyası ölkələrində də belə tədbirlərin keçirilməsi gözlənilir. Ölkə miqyasında da şübhəsiz ki, dediyimiz kimi, bütün məktəblərdən başlamış, ən yüksək auditoriyalara qədər ulu öndərimizin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək”.

Millət vəkili Ulu öndərimizin 100 illik yubileyi Şuşa şəhərində də yüksək səviyyədə qeyd edilməsini arzuladığını bildirib:

Bir şəklin tarixçəsi: 21 yaşlı İlham Əliyev Şuşada - 39 ildən sonra həmin  FOTO

“Çünki Ulu öndərimizin ən böyük arzularından biri işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan, ölkə başçısı Cənab İlham Əliyev 44 günlük ermənilər üzərində tarixi qələbədən sonra ilk ziyarətini ulu öndərimizin məzarı üstünə etdi. Orada özünün sonradan etiraf etdiyi kimi, Ulu öndərimizin ruhuna hesabatını verdi. Sonra “Mən şadam ki, onun övladı kimi mən ata vəsiyyətini yerinə yetirdim və işğalda olan torpaqlarımızın azadlığına nail oldum” deyə Prezident bildirdi. Bu etiraf həm də ulu öndərimizin işğal olunmuş torpaqlarımızın azad edilməsinə nə dərəcədə böyük diqqət, əhəmiyyət və həssas yanaşdığının prezidentlik səviyyəsində etiraf idi. Ona görə də, dediyim kimi, Şuşa şəhərində belə bir yüksək səviyyəli, təntənəli tədbirin keçirilməsi gözləniləndir”.

Fəzail Ağamalı qeyd edib ki, rəhbərlik etdiyi partiyada da Ulu Öndərə həsr edilən tədbirlərin təşkil edilməsi nəzərdə tutulub:

“Ana Vətən partiyası ulu öndərimizin siyasi xəttinə çox sadiqdir. Heydər Əliyev siyasi xətti Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Onun bugününün və gələcəyinin hədəflərinə söykənir, onu müəyyənləşdirir. Və bu baxımdan təbii ki, ulu öndərimizin bütün siyasi xətti Ana Vətən partiyasının təməl prinsipləri ilə tam üst-üstə düşür. Ona görə də, biz də belə bir tədbirin keçirilməsi niyyətindəyik. Çalışacağıq ki bu tədbirlər silsilə olsun və öz töhfəmizi ulu öndərimizin 100 illiyinə təqdim edək”

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin