Estoniya parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

16:05 - 21 Fevral 2023

Estoniya parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Estoniya parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Ölkəmizin Estoniyadakı səfirliyindən Manset.az-a bildirilib ki, bəyanatda Estoniya-Azərbaycan Parlament Qrupu tərəfindən Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilib.

Bəyanatda deyilir: “Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox günahsız dinc sakinin, o cümlədən çoxlu uşaq, qadın və yaşlının qətlə yetirildiyi Xocalı qətliamını qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.

İnanırıq ki, regionun bütün ölkələrinin suverenliyi və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasının regionun yenidən qurulmasında göstərdiyi səylərini dəstəkləyir və müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”.

Bəyanat Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, sədr müavini Mixail Korb, qrupun üzvləri İqor Kravçenko, Aadu Must, Heljo Pikhof, Erki Savisaar, Aivar Soerd və Raivo Tamm tərəfindən imzalanıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin