“Azərbaycanda tikilən binalar 9 bala hesablanıb” - Ekspert

21:09 - 7 Fevral 2023

“Azərbaycanda tikilən binalar 9 bala hesablanıb” - Ekspert

“Təbiət hadisələri, təbii fəlakətlər və təbii texnogen qəzalardan 100 faiz qorunmaq mümkün deyil. Qabaqlayıcı tədbirlər görməklə baş verə biləcək hadisənin fəsadlarını minimuma endirə bilərik. Ərazilərdə təhlükəsizlik tədbirləri coğrafi mövqe nəzərə alınmaqla görülməlidir. Bütün infrastruktur təhlükə risklərinə əsasən qurulmalıdır”. 

 

Manset.az xəbər verir ki, bu fikirəri News24.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanda tikilən binalar 9 ballıq zəlzələyə hesablanaraq layihələndirilir: “Binaların tikintisi zamanı bünövrədə beton və armatur konstruksiyadan istifadə olunur. Zəlzələ və sürüşmələr nəzərə alınmaqla bu proses həyata keçirilir. Zəlzələ anında binanın dağılıb-dağılmaması, tab gətirməsi tikintidən asılıdır. Əgər 9 ballıq zəlzələyə dözümlü bina tikilibsə, həmin bina zəlzələyə tab gətirməlidir. Bunun üçün bina bütün normativ qaydalara riayət olunmaqla tikilməlidir. Kənar müdaxilələr olmazsa, normativlərə uyğun tikinti həyata keçirilərsə, binanın istifadə müddətində erroziyaya uğramış detallar vaxtında dəyişdirilərsə, bina istismara tam yararlı olacaq və göstərilən zəlzələ gücünə tab gətirə biləcək. Bu qeyd edilən amillər nəzərə alınmasa, binanın sağlamlığı sual altında qalacaq”. 

E.Nurəliyev bildirib ki, zəlzələ anında binalardan birinin çöküb, digərinin çökməməsi zəlzələnin dalğasından, təsir gücündən, ərazinin relyefindən və torpaq qatından asılıdır: “Yaponlarda dözümlü binaların olmasının səbəbi onların yerləşdikləri coğrafi ərazini düzgün qiymətləndirmələri ilə bağlıdır. Yaponiya yüksək seymsik zona olduğu üçün binaları zəlzələyə davamlı formada tikirlər. Elə ərazilər var ki, orada 15, elə ərazilər də var ki, 9 mərtəbəli bina tikmək olar”. 

O əlavə edib ki, Azərbaycanda bütün regionların təhlükə riskləri qiymətləndirməlidir: “Məsələn, Bakı şəhərinin hansı təhlükə riskləri var? Tikiləcək binalar, qurulacaq infrastrukturlarda bu risklər nəzərə alınmalıdır. 

2009, 2010, 2011-ci illərdə tikilən binalarla bağlı təhlükələr var. Çünki həmin dövrlərdə çox sayda işbaz həbs olundu, bir evin 10 adama satılması kimi hallar baş verdi. 

Hazırda tikilən binalarda layihələndirmədən tikinti prosesi bitənə qədər prosesə nəzarət olunur”.
 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin