Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

10:23 - 7 Fevral 2023

Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edilib və plenar iclasa tövsiyə olunub. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə şərh verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək.

Deputat deyib ki, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir:

“Həmin anlayışlar Dövlət Sosial Müdafiə Fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə Fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək”.

“Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək”, - deputat qeyd edib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin