Gender məsələləri mətbuatda necə işıqlandırılmalıdır?

17:01 - 3 Fevral 2023

Gender məsələləri mətbuatda necə işıqlandırılmalıdır?

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı deməkdir. Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.

 

Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Manset.az-a açıqlamasında bildirib ki, cəmiyyətin diqqətinin gender məsələlərinə yönəldilməsində kütləvi informasiya vasitələri mühüm rola malikdir:

“Media insanların problemlərinə həssaslıqla yanaşmalı, onların hüquq və azadlıqlarının müdafiəsinə dair xüsusən də, qadının ictimaiyyətə cəlb edilməsi, onların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən materiallar hazırlayaraq nümayiş etdirməlidir.

Təsiredici mövqeyinə əsasən, media həm qadınların müttəfiqi, həm də onlara qarşı çevrilmiş silah kimi çıxış edə bilir. Qadın hüquqları sahəsində fəaliyyət göstərən media nümayəndələrinin peşə xüsusiyyətlərinin təkmilləşdirilməsinə yardımçı olmaq qarşıda duran əsas məqsədlərdəndir. Bu səbəbdən onlarla bağlı KİV-də yayımlanan materiallar hazırlanarkən etik qaydalara riayət edilməli, onların hüquqları pozulmadan, həmçinin beynəlxalq normalara uyğun olaraq hazırlanaraq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.

Mətbuat katibinin sözlərinə görə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”na əsasən, bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri və görüntüləri verilməməlidir:

“Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Bütün təlimatlara baxmayaraq, təəssüf ki, bəzən efirlərdə qadınların hüquqlarının pozulmasını sensassiya şəkilində verməklə onların psixologiyasına ciddi ziyan vurulur. Amma peşəkar, insan hüquqlarını və öz etikasını yaxşı bilən istənilən media işçisi qadının təhlükə qarşısında qaldığını əvvəldən başa düşərək bu cür səhvlərə yol vermir, onların həyatı ilə oynamır”.

Teymur Mərdanoğlu qeyd edir ki, qadın hüquqlarının müdafiəsi, pozulmuş hüquq və azadlıqlarının bərpası üçün Azərbaycan Respublikasının mühüm qanunvericilik bazası mövcuddur:

“Media qurumları bu qanunvericilik sistemindən irəli gələn öhdəliklərə əməl etməyi özlərinə borc bilməlidirlər. Habelə, “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin qarşısının alınması haqqında” Konvensiya (CEDAW) gender bərabərsizliyi ilə mübarizədə beynəlxalq səviyyədəki ən mühüm qanuni sənəddir və bu sənəddə qadın və media əlaqəsinə uyğunlaşdırıla biləcək mühüm qərarlar mövcuddur. Azərbaycan da bu Konvensiyanı ratifikasiya edib. Konvensiya hər iki cinsdən birinin digərindən üstünlüyü fikrinin aradan qaldırılmasını, qadın və kişinin qəlibləşmiş rollarına söykənən mühakimələrin yox edilməsi üçün işlərin həyata keçirilməsi üçün məsləhətlər verir. Eyni zamanda Qlobal Media Monitorinq Layihəsi 1995-ci ildən bəri bütün dünyadakı mediada qadınların necə təmsil edildiyini izləyib beş ildən bir hesabat verir.

Müxtəlif kütləvi informasiya vasitələrində tez-tez məişət zorakılığına məruz qalmış qadınların həyatı işıqlandırılır. Ancaq bu qadınlar yalnız qadın problemləri barədə hazırlanan verilişlərdə əks olunmamalıdır, həmçinin uğurlu qadın modelinin də təqdim edilməsinə çalışılmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi hesab edir ki, intihar hadisələrinin işıqlandırılması zamanı da diqqətli olmaq lazımdır:

“Son zamanlar intihar hadisələri iə bağlı mediada tez-tez xəbərlərə rast gəlirik. Bir dəfə hadisənin baş verməsi, ikinci dəfə baş vermə səbəbi, üçüncü dəfə hadisə şahidlərinin rəyləri, dördüncü dəfə intihar edənin valideynlərinin, yaxud uşaqların müsahibələri efirdə verilir. Lakin onu da düşünmək lazımdır ki, intihar hadisələrinin efirdə tez-tez verilməsi insan psixologiyasına mənfi təsir göstərir. Bu xəbələri izləyən qadınlar da elə düşünürlər ki, intihar çətinliklərdən xilas olmağın ən asan və yeganə yoludur. Bir məqamı aydınlaşdırmaq lazımdır ki, niyə qadın intihar edəndə başlıqda “qadın canına qəsd etdi”, “3 uşaq anası inthar etdi”, “ərindən bezən qadın özünü asdı” kimi başlıqlar yazılır?! Başlıqlarda xüsusən də “qadın” sözünü yazmaq bir prinsip kimi qəbul edilib. Məsələn; kişi intihar edəndə heç vaxt başlıqda yazmırlar ki, filan kişi özünü atdı, asdı, yaxud yandırdı. Sadəcə yazılır ki, “Bakı şəhər sakini intihar etdi”, “borc səbəbindən özünü asdı” və s. kimi başlıqlar yer alır. Lakin qadın intihar edəndə yaşından, uşaqlarının sayından tutmuş hər bir məlumat başlıqlara çıxarılır və insanlar xəbəri izləməyə dəvət edilir. Fərqli qadınlıq vəziyyəti və yaşayışları mediada təmsil edilmir, qadın ya patriarxal rollar içərisində sıxışdırılır.

Bir məqamı da qeyd etmək istərdim ki, medianın idarəetmə komandasının az bir  hissəsini qadınlar təşkil edə bilir. Lakin xəbər hazırlayanların isə əksəriyyəti qadınlardan ibarətdir”.

Mətbuat katibi qeyd edir ki,  Ailə, Qadın və Uşaq Problmeləri üzrə Dövlət Komitəsi də jurnalistlərin cinsi ayrı-seçkiliyə yol verməməsi, gender bərabərliyinin təbliğ edilməsi ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir:

“Hər il xüsusən də Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün təlim və treninqlər təşkil olunur və xüsusən də bu sahədə işləyən jurnalistlərin təlimlərə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Ötən il may ayında Komitə Avropa İttifaqı ilə birlikdə jurnalistlər üçün “Gender problemləri və media” adlı 2 günlük beynəlxalq təlim təşkil edilib, təlimçi kimi beynəlxalq ekspertlər cəlb olunmuşdu.

2021-ci ildə Azərbaycan Mətbuat Şurası və Avropa Şurası “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavə bir maddə hazırladı. 4-cü prinsip kimi təsbit edilən maddə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verməmə prinsipinin müdafiəsi” kimi əks olunub. Prinsipə əsasən, jurnalist gender-əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender-əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırılmalıdır. Bundan əlavə, Komitə olaraq Avropa şurası ilə birlikdə virtula məkanda zorakılığa münasibətin aradan qaldırılması ilə bağlı “hate speech” kampaniyası həyata keçirilib”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin