Millət vəkilindən mediaya dəstək

12:08 - 6 Fevral 2023

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad olunması da var.

 

Mansetaz "Qafqazinfo"ya istinadən xəbər verir ki, millət vəkili, komitə üzvü Elnur Allahverdiyev iclasda çıxışı zamanı bildirib ki, medianın vergidən azad olunması bu sektorun maliyyə dayanıqlığına ciddi dəstək olacaq: "Müzakirə etdiyimiz mövzu Azərbaycanda dövlətin atdığı və kütləvi informasiya vasitələri sektorunun inkişafına yönəlmiş növbəti mühüm addımlarından biridir. Düşünürəm ki, bu qərar ölkədə milli medianın iqtisadi, maliyyə bazasının möhkəmlənməsi ilə yanaşı, həm də azad sözün, şəffaflığın, demokratiyanın, eyni zamanda, sektorun özünün professionallığının artımına səbəb olacaq. Çünki bilirik və bütün dünyada belədir ki, media o vaxt inkişaf və tərəqqi edir ki, güclü maliyyə dayaqları və ya əsasları olur. Medianın vergidən azad edilməsi bu istiqamətdə onun asılılığının aradan qaldırılması və ya azalması yönümündə ciddi addımdır. Bu isə öz növbəsində media strukturunun digər xərcləri, misal üçün, işçilərinin professionallağının artırılması, təkmilləşdirilməsinə yönəltməsinə səbəb ola bilər”.

Deputatın sözlərinə görə, dövlət mediaya kompleks dəstək göstərir: "Rəqəmlərə varmaq istəmirəm, ancaq ümumilikdə deməliyəm ki, dövlətin son illərdə KİV-ə qayğısı, Media Agentiliyi tərəfindən media orqanlarına maddi dəstəyin edilməsi, media işçilərinin evlərlə təmin olunması, reyestrin yaradılması və bu gün müzakirə etdiyimiz mövzu eyni qəbildəndir və dövlətin milli mediamıza kompleks dəstəyinin təzahürüdür. Mən bir millət vəkili olaraq bunu dəstəkləyirəm, Azərbaycan mediasını dünyada öncül sıralarda görmək istəyirəm və hesab edirəm ki, bizim media əməkdaşlarımız buna layiqdirlər, bunun üçün yetərincə savad və potensialları var.

Sözümün sonunda hətta təkliflə də çıxış etmək istəyirəm ki, agentlik tərəfindən media orqanlarına ayrılan maliyyə dəstəyinin həcminin artırılması tərəfdarıyam. Çünki bu gün TV-lərimiz, qəzet və informasiya agentliklərimiz də hər birimiz kimi, dövlətimizin yanında, ətrafında düşmən təbliğatı ilə mübarizə aparırlar, haqq işimizə bacardıqları tövhəni verirlər. Hesab edirəm ki, onlara edilən hər bir güzəşt və ya dəstək nəticə etibarilə bizim bu ümummilli məsələlərimizin həllinə yönəlmiş güclü stimul, kömək olacaq”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin