Rusiya Ermənistanı Ukraynanın gününə salacağının MESAJINI VERDİ - Kremldən HƏYƏCAN TƏBİLİ: Qarabağda ...

09:45 - 27 Yanvar 2023

Rusiya Ermənistanı Ukraynanın gününə salacağının MESAJINI VERDİ - Kremldən HƏYƏCAN TƏBİLİ: Qarabağda ...

Avropa Parlamentində güya Laçın yolundakı 47-cü gündür davam edən aksiya ilə Xankəndi ermənilərinin humanitar böhranla üz-üzə qaldığı, etnik təmizləmə aparıldığı, oradakı ermənilərin blokadaya alındığı ilə bağlı heç bir əsası olmayan, həqiqəti əks etdirməyən, başdan-ayağa qərəzlə dolu Azərbaycan əleyhinə çıxışlar, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəddinə Bakının mövqeyi öyrənilmədən, razılığı olmadan 200 nəfərlik mülki missiya adı altında əsasını kəşfiyyatçılar, hərbiçilər təşkil edən şəxsləri göndərməsi regionda sülhə mane olmaq, yeni təhdidlər yaratmaq, eskalasiya riskini daha da artırmaqdan başqa bir şey deyil. 

Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməyib, delimitasiya və demarkasiya prosesi icra olunmayıb, belə olan təqdirdə Aİ-nin Ermənistan sərhəddinə "mülki missiya" göndərmək təşəbbüsü özbaşınalıqdan başqa bir şey deyil. Çünki heç hələ bilinmir ki, Qərbin Ermənistan sərhəddi hesab etdiyi həmin ərazilər delimitasiya-demarkasiya prosesi icra olunacağı təqdirdə orada kimin sərhədçiləri dayanacaq.

Burada ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, Aİ missiyası adı altında Cənubi Qafqaza, xüsusilə də bölgəyə daxil olmaq üçün bütün hazırlıqları tamamlayan Fransaya qarşı molla rejimindən hər hansı bir adekvat bəyanata, praktiki addıma, qabaqlayıcı tədbirə şahid olmadıq. Axı İran molla-fars rejimi üçün Ermənistan sərhədləri "qırmızı xətt" idi, axı İran regiona kənar dövlətlərin, qüvvələrin müdaxiləsini "qəbuledilməz" adlandırırdı. İndi nə baş verir ki, molla rejimi ağzına su almağı, proseslərə seyirci qalmağı daha üstün tutub?

Əslində bu suallara cavab tapmaq elə də çətin deyil, çünki ritorikdir. Nəzərə alsaq ki, Fransa ilə İran vaxtilə Rusiya və Türkiyəyə qarşı birlik müqaviləsi imzalamışdı, eləcə də 1979-cu ildə baş verən inqilabdan sonra Ayətullah Xomeyni xüsusi reyslə məhz Fransadan İrana gəlmişdi, demək ki, əslində burada qaranlıq qalacaq bir məsələ yoxdur. Çünki elə İranda hazırki teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması məhz Fransanın böyük xidmətlərinin nəticəsidir.

30 ilə yaxın Qarabağ probleminin həll edilməsi istiqamətində əlini ağdan qaraya vurmayan, işi-gücü ancaq "turistik siyasət" olan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi Fransanın 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı siyasi fəaliyyətinin rəsmi Bakı tərəfindən dondurulması Parisi alternativlər axtarışına vadar etdi kimi görünür. Və belə nəticə çıxır ki, Fransa bu dəfə regiona daxil olmaq, orada öz mövcudluğunu bərpa etmək adına Avropa İttifaqının şinelində bölgəyə daxil olmaq planı qurub. Bundan da İran son dərəcə məmnundur, ən azından bu proseslərə səssiz qalması belə deməyə əsaslar yaradır.

Lakin unutmaq olmaz ki, Cənubi Qafqazdakı proseslər İrandan da çox Rusiya üçün hazırki məqamda həyati əhəmiyyət kəsb edir. Moskva Aİ missiyasının Ermənistanın Azərnbaycanla sərhəddinə yerləşdirilməsi ilə bağlı məsələyə nəhayət ki, səsini çıxatdı, mövqeyini çox sərt şəkildə ortaya qoymuş oldu. 

Ararat Mirzoyan AŞPA-da keçirdiyi görüşlərdə səsləndirdiyi bəyanatlar zamanı Azərbaycanla yanaşı Rusiyaya qarşı da təhdidedici, onun regiondakı mövqelərini sarsıtmaq məqsədi daşıyan açıqlamalarla çıxışı ilə diqqət mərkəzinə düşdü. Ermənistanın XİN başçısı Avropa Parlamentində keçirdiyi görüşlər zamanı bəyan etdi ki, Ermənistan KTMT-dən çıxaraq Qərbdən alternativ bir təhlükəsizlik təşkilatına üzv olmaq istəyir. 

Mİrzoyan vurğulayıb ki, İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır və bununla da Qərbdən alternativ təhlükəsizlik təminatları alınarsa, təhlükəsizlik çətirinin Rusiyadan alınıb Qərbin alternativ istənilən bir hərbi bloku ilə dəyişdirilməsi, əvəzlənməsi mümkündür.  Fikrini yekunlaşdıran Mirzoyan bildirib ki, Aİ-nin monitorinq missiyası “artıq insanların həyatını xilas etməyə kömək edib” - ifadəsinə yer verib. Bu, açıq şəkildə Rusiya qarşı verilən bir siqnal kimi qəbul edilə bilər. Rusiyanı Laçın yolundakı aksiyanı yatırmamaqda təqsirli sayan Ermənistan tərəfi bununla eyni zamanda Qərbə mesaj ötürmüş oldu ki, velə davam edin, missiyanı və onun mandatını genişləndirin və belə olacağı təqdirdə biz mütləq KTMT-dən çıxacağıq.

Rusiya Xarici işlər nazirliyi artıq Ararat Mirzoyanın son çıxışlarından sonra Cənubi Qafqazdan onun sıxışdırılıbŞ çıxarılması, mövqeyinin zəiflədilməsi, faəliyyət, manevr imkanlarının əlindən alınması istiqamətində İrəvanın Qərblə ciddi şəkildə canfə.anlığına çox da seyirci qala bilmədi. Ötən gün rəsmi Moskva Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının mülki missiyası ilə bağlı xəbərdarlıq edib.

"Ermənistanın sərhədyanı rayonlarında Aİ nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə bilər", - deyən Rusiya tərəfinin bunu isbatlamaq üçün əlindən gələni edəcəyi istisna edilmir. Moskva hər vəchlə həm Ermənistana, həm də dünya ictimaiyyətinə göstərməyə çalışacaq ki, regiona Aİ missiyası ayaq basdığı dəqiqədən etibarən Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla Ermənistan arasında sabitlik, sülh abu-havası sürətli şəkildə itməkdədir. 

Rəsmi Moskvadan "Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək" bəyanatı isə bölgədə yeni hərbi toqquşmanın real görünmək faizinin çox yüksək olduğundan xəbər verir. Belə demək mümkünsə, Rusiya sülhməramlı kontingenti vasitəsi ilə Aİ missiyası arasında mövqe savaşı uğrunda təxribatların bir-birini əvəz edəcəyi qaçılmaz olacaq ki, nəticədə Cənubi Qafqazın yeni döyüş meydanına, Ermənistanın əsas poliqon seçilməsi ilə nəticələnə bilər.

Ukraynanın ardınca Rusiya ilə Qərb arasında ikinci böyük toqquşmanın məhz bu regionda olacağı hər ötən gün daha real görünməkdədir. Şübhəsiz ki, bu qaynar nöqtənin əsas episentrində isə Ermənistan olacaq. O zaman Ermənistanı nə Qərb xilas etmək barədə düşünəcək, nə də Rusiya öz taleyini bir kənara qoyub, ermənilərin gələcəyini, belə bir dövlətin mövcudluğu qorumaq naminə mücadilə aparmağın vacibliyini nəzərdən keçirəcək. 

Bəli, Ermənistan Qərbə - Fransaya, eləcə də ABŞ-a yaxınlaşdıqca, Rusiyadan daha da uzaqlaşmaqdadır. Rusiyadan uzaqlaşmaq isə Ermənistana çox pis perspektivlər vəd edir. Eyni zamanda, bu amil Azərbaycanın Ermənistanla bağlı Rusiya qarşısında qoyduğu tələblərin yerinə yetirilməsi ilə nəticələnə bilər. 

Kreml İrəvanı cəzalandıracaq?

Göründüyü kimi, son bəyanatlardan açıq ortadadır ki, Kreml növbəti dəfə İrəvana xəbərdarlıq edib. Bu dəfə daha sərt, daha konkret... Paşinyan isə mövqeyində qəti görünür. İrəvan da artıq seçimini etdiyini göstərməkdən çəkinmir. O, Rusiya və KTMT-nin yerinə Qərbi seçdiyini hayqıraraq elan edir. Kremlin bu situasiyada Paşinyanı cəzalandırmaq barədə düşündüyü istisna edilmir. Proseslərin bu cür inkişafı onu da istisna etmir ki, hətta 2025-ci ili gözləmədən sülhməramlı kontingent müvəqqəti nəzarət zonasını tamamilə Azərbaycan Ordusunun ixtiyarına verərək, bölgəni tərk etsin. Ən pis halda isə Kremlin Ermənistanın bu böyük xəyanətinə ən sarsıdıcı cavablarından biri aidiyyatı qurumları vasitəsi ilə “Azərbaycanın razı olmayacağı halda Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək” şəklində bəyanatları artırması ola bilər. 

Əslində Praqa görüşünün nəticələrinə zidd olaraq Bakının mövqeyi öyrənilmədən Avropa İttifaqı Azərbaycanla sərhəddə mülki missiya adı altında 2 illik 200 nəfərlik heyyət göndərmək barədə belə bir qərəzli qərarı qəbul etməsindən artıq bölgədə eskalasiya riskinin artacağı gözlənilən idi. Destruktiv mövqeyini daha da dərinləşdirən Fransanın başçılıq etdiyi bu missiyanın əsas məqsədi də məhz budur. Ermənistan yoxsa niyə məhz bu qərarın ardından 44 günlük müharibədən sonra ilk dəfə bu qədər açıq şəkildə Ararat Mirzoyan vasitəsi ilə Azərbaycana təhdid dolu ifadələr işlədərək Bakını müharibə ilə qorxutmaq qərarına gəlsinki?!

Əslində bütün bu proseslər 2020-ci ilin 27 sentyabrı ərəfəsindəki hadisələri çox xatırladır. Hazırda Ermənistan Qərbin sifarişini yerinə yetirir və Mirzoyanla Paşinyanın son bəyanatlarını da Fransanın Cənubi Qafqaza soxulmaq üçün növbəti planının tərkib hissəsi hesab etmək olar.

Həqiqət budur ki, Qarabağ müharibəsindəki qələbəmizi şərtləndirən əsas amillərdən biri bu günə qədər heç bir hərbi ittifaqa üzv olmamağımız idi. Biz, Qoşulmama Hərəkatının sədri missiyasını həyata keçirə biləcək bir həddə gəlib çatdıq. Kiçik bir ölkənin manevr imkanlarının bu qədər yüksək olması və heç bir tərəfə yön almadan Qarabağ problemini həll etməsi Aİ-ni də narahat etməyə bilməzdi.

Bizi seçimə dəvət edirlər. Biz isə seçimimizi etmişik - tərəfsiz, müstəqil və adekvat siyasət. Heç kim, heç bir dövlət Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcək. Çünki yolumuz haq yoludur, bizim olanı sona qədər həm siyasi, eyni zamanda məcbur qalacağımız halda həm də hərbi yolla əldə etmək üçün bütün imkanlarımızı işə salacağıq. Paşinyanın son qərarları ona çox baha başa gələ bilər. Aİ xüsusi missiyasının bölgəyə göndərilməsi, Ruben Vardanyanın davranışları, ümumilikdə son hadisələr göstərir ki, rəsmi Bakı Laçın dəhlizi ilə bağlı zamanında və çox düzgün qərar verdi.

Atabəy Türkel


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin