Hollandiya və Ukraynanın Rusiyaya qarşı müraciətləri “qismən” qəbul edildi

23:43 - 25 Yanvar 2023

Hollandiya və Ukraynanın Rusiyaya qarşı müraciətləri “qismən” qəbul edildi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması və eyni ildə ölkənin şərqində baş verən hadisələrlə bağlı Hollandiya və Ukraynanın Rusiyaya qarşı ərizələrini “qismən” qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AİHM Hollandiyanın Ukraynada Amsterdam-Kuala-Lumpur reysi zamanı Malayziya Hava Yollarına məxsus MH17 reysinin vurulması ilə bağlı və 2014-cü ilin mart ayından etibarən Ukraynanın Donbas bölgəsində Ukrayna vətəndaşlarına qarşı "qanunsuz hərbi hücumlar", edamlar və işgəncələrə dair ərizələrini qismən qəbul edib.

AİHM hakimləri belə qənaətə gəliblər ki, Rusiya Ukrayna ərazisində baş verən hadisələrə görə məsuliyyət daşıya bilər.

Bildirilib ki, məhkəmə “11 may 2014-cü il tarixinə Ukraynanın şərqindəki separatçıların nəzarətində olan ərazilərin Rusiya Federasiyasının yurisdiksiyasına aid olduğu qənaətinə gəlib”.

Sözügedən ərizələr çərçivəsində Hollandiya və Ukrayna Rusiyanın Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququna dair 2-ci maddəsini və işgəncənin qadağan edilməsinə dair 3-cü maddəsini pozduğunu iddia edir.

"MH17" reysi 17 iyul 2014-cü ildə 283 sərnişin və 15 ekipaj üzvü ilə Amsterdamdan Kuala-Lumpura uçmaq üçün Ukrayna hava məkanından istifadə edərkən Ukrayna-Rusiya sərhədindən 40 kilometr aralıda qəzaya uğramışdı. Təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu.

Hollandiya, Avstriya, Belçika, Ukrayna və Malayziya prokurorlarından ibarət Beynəlxalq Birgə İstintaq Qrupu (JIT) Ukraynada vurulan Malayziya Hava Yollarına məxsus təyyarənin Rusiya hərbi raketi ilə vurulduğunu müəyyən edib.

Hollandiyada təyyarənin vurulmasına görə məsuliyyət daşıyan 3 rus və bir ukraynalıya qarşı açılan davada məhkəmə 4 müttəhimdən 1-nə bəraət qazandırıb, 3 şübhəlini isə "öldürmək" və təyyarəni vurmaq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin