COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:51 - 13 Yanvar 2023
6.3.14.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Dövlətin müstəqilliyini bərpa etmək, onun əbədi müstəqil bir dövlət kimi dünyada sözünü deyəcək anlamına gəlmir. Bunun üçün bir çox meyyarlar var ki, mütləq hər bir dövlətin təməlində həmin nüanslar daim nəzərə alınmalı, ona yüksək səviyyədə əməl edilməlidir.
Bu meyyarlar iki yerə bölünür:
Daxili
Xarici
Atalardan qalma çox dəyərli bir məsəl var: Öncə evin içi, sonra çölü. Azərbaycan bizim evimizdir. Bir evdə qaydalar, düzgünlük, hörmət-izzət olmadıqca o ailənin ömrünün uzun olacağına heç kim zəmanət verə bilməz. Bu mənada bir dövlətin daxili prosesləri, orada hər şeyin nizamlanması həmin dövlətin müstəqilliyinin qarantisi deməkdir. O anlamda hər bir dövlət üçün onun nə qədər demokratik, hüquqi və dünyəvi olması bir o qədər də müstəqilliyinin qarantisi olacaq.
Buna bariz nümunə kimi 1990-cı illin əvvəllərindəki proseslərə nəzər salmaq kifayət edir.
Hər kəsə məlumdur ki, 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızda ciddi problemlər yaşanırdı. Siyasi-iqtisadi böhran, daxili çəkişmələr, xüsusən də Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altına almışdı. Xarici havadarların köməyi nəticəsində müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün isə ilk növbədə daxildəki prosesləri nizama salmaq, anarxiyanın qarşısını alıb, cəmiyyəti bir məqsəd, bir məram ətrafında birləşdirmək gərək idi.
Sirr deyil ki, 1991-1993-cü illərdə Azərbaycan deyure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşıyırdı. Çünki xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyas qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac verirdi, hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaradırdı.
Belə şəraitdə isə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq belə mümkünsüzə çevrilmişdi. Lakin pis günün ömrü az olar...
Hər bir xalqın tarixi şans və milli iradə əsasında müstəqil dövlət qurmaq istəyini gerçəkləşdirməsi, ilk növbədə, lider fenomeni ilə bağlıdır. Təsadüfi deyildir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının prioritetlərinə əsaslanan, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, qanunların hakim olduğu vətəndaş cəmiyyəti formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir missiyanı məhz Heydər Əliyev özü yerinə yetirdi və bu proses birbaşa onun adı ilə bağlıdır. Bu mənada hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə bu gün inamla irəliləyən Azərbaycanı Ulu öndərimizin şah əsəri adlandıra bilərik.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təsis edilməsi bu istiqamətdə atılan ən mühim addımlardan biri oldu. Ümumiyyətlə, müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Bu yanaşma isə ilk növbədə, belə bir zərurətdən irəli gəlir ki, dövlətin Əsas Qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə, o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu səbəbdən Ulu öndərin həmin addımı Azərbaycan üçün gələcək daxili preoritet məsələlərin cədvəlini müəyyən etmək adına əsas açar oldu.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu Ulu öndərin böyük zəhmətləri, xidmətləri sayəsində öz nəticəsini verdikcə Azərbaycan ona qarşı artan xarici təzyiqləri, növbəti məkirli niyyətləri, ikili standarta söykənən qərəzli dövlətlərin və beynəlxalq təşkilatların qəzərli mövqelərindən qorunmaq, bu hücumları uğurla dəf edib öz reallığını dünyaya qəbul etdirmək adına qüdrətli dövlətlə yanaşı güclü lobbinin yaradılması zərurəti də hər gün artırdı.
Elə bu səbəbdən də, mərhum Ulu öndər Heydər Əliyevin uğurla başlatdığı Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi məsələsi bu gün də dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında artıq 20 ilə yaxın bir müddətdir ki, çox müvəffəqiyyətlə davam etdirilir.
Buna çox sadə bir misalla nəzər salmaq kifayətdir: Ümummilli liderimiz hələ 23 may 2001-ci il tarixində “Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi haqqında” sərəncam imzaladıqdan təxminən beş ay yarım sonra - noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu hadisə tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Həmin tarixdə ərazilərimiz düşmən tapdağı altında olsa da 19 il sonra düzgün daxili və xarici siyasət, yüksək iqtisadi inkişaf, bu və digər məsələlərin düzgün qiymətləndirilməsi Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə 28 illik torpaq həstərinə, işğala son qoyması ilə nəticələndi.
Artıq hər bir azərbaycanlı ötən il - 2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayını Zəfər Qurultayı kimi böyük sevinclə qeyd etdi. Təbii ki, o vaxtdan bu vaxta olan zaman kəsiyi böyük görünə bilər. Lakin müstəqilliyini yeni bərpa edən, elə ilk illərindəcə ərazilərinin 20 faizi işğal edilən, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bir ölkə üçün bütün bu ağrılı-acılı dönəmi, qara hərflərlə yazılan o tarixi Qələbə təqvimləri ilə əvəz etmək heç də hər dövlət başçısının, hər xalqın bacaracağı mümkün olmayan bir dövrdür.
Danılmaz faktdır ki, biz bu qələbələrə birliyimiz, həmrəyliyimiz hesabına nail olduq. O həmrəylik ki, hələ 1991-ci il dekabrın 16-da Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, məsələnin əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi və bundan sonra hər il 31 dekabr həmrəylik günü kimi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunmağa başlandı.
Əslində bir xalq olaraq milli həmrəylik hissimiz daim yüksək olub. Bunu 90-cı illərdə baş verən Milli Azadlıq Hərəkatı zamanı bütün dünyaya sübut etmişik. 20 yanvarda müstəqilliyimiz uğrunda özlərini əliyalın şəkildə tankın altına atan igid oğullarımız da qanları ilə bu həmrəyliyə güc qatdılar. Qarabağ müharibələri zamanı şücaət göstərən, vətən uğrunda canından keçən əsgərlərimizin də hər biri birlik, həmrəylik təcəssümüdür, onlar bu amalın ən yüksək zirvəsidir. Biz buna istər Birinci Qarabağ müharibısi zamanı, istərsə də xüsusilə dünyaya bizi qəhrəman xalq, mübariz millət olaraq göstərən, Dəmir yumruğumuzun nələrə qadir olduğunu nümayiş etdirən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə üzərimizdəki qara ləkəni əbədi silən qardaşlarımızın timsalında şahid olduq.
BUndan sonra da azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməli və planlı, hədəfə hesablanmış addımlar atmalıyıq ki, bu gün Laçın yolundakı azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasını heç bir əsas olmadan "ermənilərə qarşı etnik təmizləmə", "ərzaq böhranı", "blokadaya almaq" kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə tək bu qarayaxma kompaniyasına 50 milyon dollar ayıran Ermənistanın anti-Azərbaycan siyasətini bloklamağı bacaraq. Bu proseslər bir daha göstərir ki, ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir.
İstər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsasını bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi təşkil edir. Azərbaycan dövləti, dövlət başçısı hər zaman buna çox böyük önəm verir. Bu gün Azərbaycanın işi bəlkə də heç vaxt olmadığından daha çətindir. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsi ilə Ermənistanı ağır məğlubiyyətə düçar edərək regionun geosiyasi mənzərəsini dəyişdi, Qafqazın əsas aktoru olduğunu isbatladı. İndi postkonflikt mərhələsində bu qələbəni taclandırmaq üçün isə beyin savaşında, informasiya mübarizəsində üstünlüyümüzü artırmaq məqsədi ilə daha mütəşəkkil fəaliyyət göstərməyimizə ehtiyac var.
Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz yerini və rolunu dövlət maraqları çərçivəsində müəyyən etməsi üçün bir sıra şərtlər mövcuddur. Belə şərtlərdən biri də məhz diaspor quruculuğunu həyata keçirmək və dünya siyasətinə təsir edə biləcək böyük dövlətlərdə lobbiçilik fəaliyyətini icra etməyə qadir qurumlarla qarşılıqlı və faydalı şəraitdə iş birliyi qurmaqdır. Dünya azərbaycanlıları ilin bütün günlərində Azərbaycan maraqlarının təminatına çalışmalı və hazırki gərgin dönəmdə bu dövlətin, bu xalqın dünyadakı nüfuzunun qorunması, haqq səsinin duyurulması adına güclərini daha da səfərbər etməlidir.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin