<

Azərbaycanda COVID-in yeni ştammı: “Adamı it kimi hürdürür”

20:14 - 20 Yanvar 2023

Azərbaycanda COVID-in yeni ştammı: “Adamı it kimi hürdürür”

Bu gün Azərbaycanda COVID-19-un yeni ştammı olan "Orthro”ya yoluxduğunu iddia edənlər kifayət qədərdir. Halbuki ölkədə bu ştammın aşkarlanması rəsmən elan olunmayıb.

 

Manset.az xəbər verir ki, tanınmış teleaparıcı Vüsalə Əlizadə də açıqlama verərək həmin virusa yoluxduğunu iddia edib:

“İnanıram ki, bu günlərdə “xəstə xonçasından” hər evdə var. Mən tək deyiləm. Canımıza “ikibaşlı it” də saldılar. Deyir, vaxtında müalicə olunmasan, hürməyə başlayırsan”.

Bu iddia nə dərəcədə realdır? Həqiqətən, xəstəlikdən müalicə olunmasan, it kimi hürürsənmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusun müəyyən ştamlarının mövcud olduğunu təsdiqləyərək, pandemiyanın hələ bitmədiyini deyib:

“Bu gün “Omicron” ştammının xeyli mutasyon variantları var. Virusun "Orthro”, “Kraken” kimi müxtəlif variantları bəzi ölkələrdə var. Pandemiya hələ də bitməyib, proses gedir. Ona görə də ölkəmizdə karantin qaydaları nə qədər yumşaldılsa da, ümumən hələ də qalır.

O ki qaldı "Orthro” ştammının xəstəni it kimi hürdürməsi məsələsinə, bu obrazlı ifadədir. Bəzən öskürəyin, tənəffüsün xarakterini nələrəsə bənzədirlər və ona müəyyən ad verirlər. Yəni “it kimi hürmə” virusun yadda qalması üçün primitiv alqoritmdir”.

A.Qeybullanın sözlərinə görə, sözügedən ştammlar öldürücü deyil:

“Ümumiyyətlə, bu ştamlar həddən artıq yoluxucu olmasına baxmayaraq, öldürücülük qabiliyyətləri əvvəlki ştamlardan xeyli aşağıdır. Bu onu göstərir ki, pandemiya sona yaxınlaşır, amma nə qədər olmasa da, hələ də mutasiya prosesi gedir. Situasiyanın problemi odur ki, Dünya Səhiyyə Təşkilatının moderatorluğu zamanında bütün ölkələri əhatə edə bilməyib, ümumi adekvat tədbirlər görülməyib. Məhz buna görə pandemiya yayıldı, bəzi ölkələrdə vaksinasiya yetərincə aparılmadı, bəzilərində problemlər qaldı. Məsələn, Afrika ölkələrində immunodefisitli xəstələrin çox olması bu virusun orqanizmdə qalaraq mutasiyanı davam etdirməsinə səbəb oldu. Görünür ki, pandemiyanın nəticələri ümumiləşdirilməli və pandemiya ilə mübarizə işindəki çatışmazlıqlar gələcəkdə mütləq müzakirə edilməli və onların aradan qaldırılması üçün yollar tapılmalıdır. Çünki dünya hər il yeni sürprizlərlə üz-üzə qala bilər”.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin