<

"20 Yanvar tarixi Vətən sevgisinin təntənəsi günüdür..." - Firad Əliyev

15:31 - 20 Yanvar 2023

“..Azərbaycan və onun xalqı uğrunda şəhid olmuş insanlarla fəxr edirik və onların qəhrəmanlıqlarından ruhlanırıq...”. 

 Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri

 “...Şəhidlər bizim qəlbimizdə yaşayır və əbədi yaşayacaqdır...”.

                              İlham Əliyev,

        Azərbaycan Respublikasının Prezidenti, 

                   Müzəffər Ali Baş Komandan

 

Bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin əziz və unudulmaz xatirəsini yüksək ehtiramla yad edərək, Uca Yaradandan onlara rəhmət diləyirəm. Allahdan qazilərimizə şəfa arzulayıram.

 

Vətən var olsun!

 

Şəhidlər əbədi nisgilimizdir. Bu nisgili hər bir vicdanlı azərbaycanlı ömür boyu qəlbində daşıyacaq. Ləyaqətli həyat sürərək ömrü şərəflə başa vurmuş bu dəyərli insanların sıralarımızdan vaxtsız getməsi bizi sarsıtdı, eləcə də hər zaman ruhumuzu incidəcək və ürəyimizi sızıldadacaq. Bütün bunlara rəğmən, şükürlər olsun ki, şəhidlərlə əlaqədar, eyni zamanda, bir neçə təsəlli yerimiz var. Əvvəla və ən əsası bu nisgilin digərlərdən fərqi odur ki, ali amallar və müqəddəs dəyərlər uğrunda yaranmışdır. İkincisi, şəhidlərin yeri əbədi olaraq behiştdir. Üçüncüsü, şəhidlər cismən aramızda olmasalar da, onlar ölmürlər, daim ürəklərdə yaşayırlar. Bütün bunlar təbii olaraq bizi bir qədər ovundurur və yaralarımıza məlhəm olur. Bir sözlə, şəhidlər təsəllili acımız və qürur dolu nisgilimizdir. Bu gün Qanlı Yanvar faciəsindən 33 il - bir qərinə ötür.

 

Manset.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyevin “Qürur dolu nisgil...” sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.

 

Neçə-neçə qərinələr və əsrlər keçsə də millətimiz o dəhşətli və eyni zamanda, iftixarlı günü unutmayacaq. 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən kədərli günlərdən biri, eyni zamanda, millətimizdə olan əzmkarlığın, vətənpərvərliyin, dəyanətin, qürurun və qəhrəmanlığın izhar olunduğu gün olaraq daxil oldu və bununla da həmin tarix Vətən sevgisinin təntənəsi kimi yaddaşlara həkk olundu. 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü olmaqla bərabər, ümummilli qürur günüdür. Həmin gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar davranışlarına və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqe tutaraq onlara havadarlıq etməklə məkrli siyasəti aşkar dəstəkləməsinə, eləcə də ölkəmizin ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, buna etiraz əlaməti olaraq Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridilərək qanunlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozulmaqla dinc əhaliyə divan tutuldu, xeyli insan həyatdan məhrum edildi, bir neçə nəfər itkin düşdü və çoxsaylı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Bununla da Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən dəhşətli cinayətə imza atdı. Suveren, müstəqil və demokratik bir dövlət yaratmaq məqsədilə ayağa qalxmış xalqın əzmini sındırmaq, milli qürurunu qırmaq, eləcə də azadlıq hərəkatını boğmaq üçün törədilən bu çirkin əməllər, silahlanmış hərbçilərin üzərinə əliyalın gedən vətənpərvər insanları azadlıq uğrunda mübarizədən daşındıra, qəhrəmanların iradəsini sarsıda bilmədi. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməklə özünün kimliyini və dəyanətini əyani şəkildə sübut etdi. Dövlətin suverenliyini, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları ali amallar uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bununla da millətin haqq səsini bütün dünyaya daha ucadan bəyan etmiş oldular. Bu tarixi faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, istiqlalımızı və firavan istiqbalımızı şərtləndirdi.

 

Qeyd etmək zəruridir ki, həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə atmaqla, qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi və xalqının yanında olduğunu bildirdi. Böyük şəxsiyyətin bu bəyanatı Azərbaycan xalqının məruz qaldığı dəhşətli və amansız terrorun dünyanın mütərəqqi qüvvələri tərəfindən də qətiyyətlə pislənilməsinə rəvac verdi.

 

Vurğulanmalıdır ki, zamanında hərtərəfli araşdırılmayan və adekvat qiymət verilməyən qanlı faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərin təşəbbüsü ilə sözügedən faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında, həmçinin Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

 

Qeyd olunmalıdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb.

 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər xiyabanı rekonstruksiya olunmuş, o cümlədən “Əbədi məşəl” abidəsinin sütunları bir qədər də hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənib. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksi inşa edilib. Bütün bunlar onların ruhuna dövlət səviyyəsində göstərilən böyük ehtiramın təzahürüdür.

 

Bu gün 20 Yanvar şəhidlərinin anım günü olduğundan, əsasən o haqda bəhs etsəm də, digər şəhidləri də yad etməyi, bütün şəhidlərimiz barədə söz açmağı, bu barədə danışmağı da müqəddəs borc, eyni zamanda, böyük şərəf hesab edirəm. Təbii ki, hər bir şəhidimizin parlaq və unudulmaz xatirəsi dövlətimiz və xalqımız, o cümlədən mənim üçün eyni dərəcədə əzizdir. Tarix boyu Azərbaycan xalqı və dövləti yolunda şəhid olan vətən övladları olmuşdur ki, onların da heç birini millətimiz və dövlətimiz unutmayacaq. Müasir Azərbaycan tarixində ən çox şəhidlər Birinci və İkinci Qarabağ müharibəsində verilmişdir. Hər iki müharibədə qəhrəman övladlar torpaq və xalq yolunda canlarını fəda ediblər.

 

Vətən müharibəsindən söz düşmüşkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin misilsiz şücaət və qəhrəmanlıq göstərərək düşmən üzərində möhtəşəm Qələbəmizi təmin etməsini, lider-xalq-ordu birliyinin nəticəsində 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını böyük qürur hissləri ilə xüsusi vurğulamaq lazımdır.

 

Sevindirici və iftixarlandırıcı haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqaməti olmuşdu. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təchiz olunublar. Bu diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 31 mart 1998-ci il tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi, bundan sonra şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da mütəmadi olaraq gücləndirildi.

 

Hazırda bu ənənə dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunması ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədilə Prezidentin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu qəbildən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək təzahürüdür. Dövlətimizin başçısının 2020-ci il 8 dekabr tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması bu istiqamətdə görülən işlərə böyük töhfə olub. Prezident İlham Əliyev deyib: “Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın”.

 

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təcəssümüdür.

 

Fərəhləndirici və qürurvericidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və Vətənin müdafiəsində iştirak edən digər şəxslərə mənəvi dəstək, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istər dövlətimizin, istərsə də xalqımızın daim diqqət mərkəzindədir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir. Bu, hər zaman belə olacaq, çünki Vətənini və millətini sevən hər kəs və onların doğmaları yüksək diqqətə və böyük ehtiram, bir sözlə, hər şeyin ən dəyərlisinə layiqdirlər.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin