<

Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq - Prezident

19:25 - 19 Yanvar 2023

Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq - Prezident

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.

“Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”, - Prezident bildirib.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb.

“Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”.

Prezident onu da xatırladıb ki, bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkmənistandan isə neft tranziti uzun illərdir həyata keçirilir. Bu dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var.

“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, vahid pəncərə yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Ölkə lideri əlavə edib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır: 

“Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır".


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin