<

Kamal Abdulla və Rafiq Əliyevin məqaləsi dünyanın məşhur jurnalında - FOTO

12:48 - 19 Yanvar 2023

Kamal Abdulla və Rafiq Əliyevin məqaləsi dünyanın məşhur jurnalında - FOTO

Akademik Kamal Abdulla və AMEA-nnı müxbir üzvü, professor Rafiq Əliyevin dünyanın məşhur elmi nəşriyyatı “Springer”də ““Dede Korkud” epos in light of fuzzy logic” adlı elmi məqaləsi dərc olunub. 

 

Manset.az xəbər verir ki, “Springer”in “Lecture notes in Networks and Systems” seriyasında (LNNS, volume 610) çap olunan “Application of Fuzzy Systems and Soft Computing” dərgisi bu sahədə olan tanınmış ekspertlərin məqalələrindən ibarətdir. Dərgi qeyri-səlis məntiq və onun tətbiqi barədə alınan son mühüm elmi nəticələri özündə əks etdirir.

Kamal Abdulla və Rafiq Əliyevin dərgidə çap olunan məqaləsində öncə real dünyanın qeyri-müəyyənliyini daha dolğun ehtiva edən qeyri-səlis məntiq nəzəriyyəsinin əsasında duran 4 sütun barədə ümumi məlumat verilir.

Qeyri-səlis məntiq nəzəriyyəsinə söykənilən dörd sütun (faset): ümumi məntiq sütunu; qeyri-səlis çoxluqlar sütunu; epistemik (epistemoloji) sütun;  münasibətlər sütunu sosial elmlər baxımından araşdırılır.

Bu sütunlar qeyri-səlis düşüncə tərzini müxtəlif münasibətlər sistemindən çıxış edərək formalaşdırır.

Qeyri-səlis məntiq nəzəriyyəsini yaradarkən professor L. Zadənin əsl qayəsi onun, əsasən, sosial və siyasi, humanitar sahələrə, yəni, riyazi baxımdan çətin strukturlaşan sahələrə tətbiqi idi. Bu məqalə qeyri-səlis məntiqin “Kitabi-Dədə Qorqud”a tətbiqi görkəmli alim L. Zadənin bu nəhəng ideyasının reallaşmasına kiçik bir töhfədir.

Çox dərin və sirli mənalara əsaslanan “Dədə Qorqud” dastanının qeyri-səlis məntiq əsasında  izahı və açılışı qədim dövrlərdə artıq bədii təfəkkürün  yaranmasından xəbər verir. Beləliklə, vizual olaraq antik dövrü, xüsusən də tarixdən əvvəlki mifoloji antik dövrü gözümüzün qarşısında qeyr-səlis məntiq işığında canlandıra bilirik.

Əcdadlarımızın düşüncə tərzinin demokratik şəkildə təzahürü “Dədə Qorqud kitabı”nda bayğın şəkildə öz əksini tapmışdır ki,  bu da müasir qeyri-səlis məntiqin dərin əxlaqi-ideoloji əsasları kimi qəbul edilə bilər.

Bu düşüncə tərzi təsadüfi deyil, bu əcdadlarımızın qədim zamanlardan onlara xas olan davranışını, özünə və ətrafına münasibətini tənzimləyir, bütövlükdə xalqımızın öz daxili sevgisi ilə tolerant, sədaqətli xalq kimi formalaşdığını aydın şəkildə göstərir. Əsas kitabımız olan “Dədə Qorqud dastanı”na qeyri-səlis məntiqin tətbiqi bir yanaşma olaraq bu məqalədə öz əksini tapıb.



Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin