Uşaqpulu ilə bağlı MÜSBƏT ANONS! – Nazirlik detalları açıqladı

15:57 - 18 Yanvar 2023

Uşaqpulu ilə bağlı MÜSBƏT ANONS! – Nazirlik detalları açıqladı

Yaponiyada doğum səviyyəsinin ən aşağı olduğu Tokio şəhərində cütlükləri təşviq etmək üçün ikinci uşağa baxım xidmətləri 2023-cü ilin oktyabr ayından tamamilə pulsuz olacaq. Bunun üçün dövlət büdcədən 85 milyon dollar ayırıb. Bu kimi təcrübələr bir neçə ölkədə mövcuddur. Azərbaycanda isə hələ də uşaqpulu məsələsinin müzakirəsi, bəzi məqamlarda hətta mübahisəsi gedir. Lakin təəssüf ki, ehtiyac olduğu halda ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılmır.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan AĞ partiyanın sədri Tural Abbaslı deyib ki, dövlət əhalinin sayını daimi artımda saxlamaq üçün ailələrə stimullaşdırıcı dəstək verməlidir:

“Statistikaya baxsaq görərik ki, hətta Çində belə əhalinin sayı azalıb. İqtisadi problemlər, dövlət və əhalidə gələcəyə olan inamsızlıq əhali sayının azalmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan hökuməti əhali artımını stimullaşdıracaq tədbirlər görməyə məcburdur. Burada atılması zəruri olan ilk addım, təbii ki, uşaqpuludur”.

Tural Abbaslı

T.Abbaslı bildirib ki, partiya olaraq Azərbaycanda dörd və daha çox uşağı olan ailələrə dövlətin ev verməsini təklif ediblər:

“Bu, artıma kifayət qədər təsir edəcək. Eyni zamanda, üçüncü uşaqdan sonra birdəfəlik bəlli miqdarda məbləğin veriləcəyi öhdəliyi götürülsə, əminəm ki, bu da artıma səbəb olacaq, amma görünür, iqtidar strateji yox, taktiki düşünür.

Unutmamalıyıq ki, biz Azərbaycanı sevməyən qüvvələrlə əhatə olunmuşuq. Ona görə də hər zaman güclü ordumuz olmalıdır. Ordunun güclü olması əhalinin sayı ilə bağlıdır. Hər halda yaxın gələcəkdə bununla bağlı addımların atılmasını gözləyirik. AĞ partiya olaraq belə təkliflərimiz davamlı olacaq”.

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycanda bu istiqamətdə zaman-zaman müxtəlif qərarlar qəbul edilir:

“Bəli, bu gün bir sıra ölkələrdə uşaqpulu ilə bağlı addımlar atılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu istiqamətlərdə araşdırmalar aparır. Azərbaycan dövləti bu prosesləri diqqətlə izləyir və gündəmdə saxlayır.

Gələcəkdə belə bir zərurət yaranarsa, dövlətimiz müvafiq qərarlar qəbul edəcək. Əlbəttə, əhalinin artımının yüksək olması bizim üçün prioritetdir. Qeyd etdiyim kimi, məsələ dövlətin diqqətindədir. Buna gələcəkdə baxıla və qərarlar qəbul edilə bilər”.

Globalinfo.az mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib. Nazirliyin şöbə müdiri Fazil Talıbov bildirib ki, bu gün Azərbaycanda həssas kateqoriyadan olan bütün uşaqlar sosial təminat sistemi əhatə olunub:

Fazil Talıbov

“Belə ki, hazırda 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq), ailə başçısını itirmiş uşaqlar (166 min uşaq),  aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar (160 min uşaq),  şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. (30 min uşaq) aylıq sosial ödənişlə təmin olunur. 3 yaşadək uşaqlara qulluq edən işləyən valideynlərə də 35 min uşağa görə aylıq müavinət verilir.

18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlərə aylıq təqaüd, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına (50 min şəxs) aylıq müavinət, habelə uşağın anadan olmasına görə birdəfəlik müavinət (120 min uşaq üçün) ödənilir.

Yəni, ümumilikdə uşaqlarla bağlı sosial ödənişlər 611 min şəxsi əhatə edir və bu ödənişlər üçün illik 650 milyon manat xərclənir.

Qeyd edim ki, cənab Prezidentin imzaladığı Fərman və Sərəncamlarla icra olunan sosial islahatlar həmin sosial ödənişlərin də məbləğinin mütəmadi artırılmasına imkan yaradıb. Son beş ildə icra olunan dörd sosial paket  çərçivəsində bu sahədə ciddi artımlar edilib.

Məsələn, 18 yaşadək əlilliyi olan şəxslərlə bağlı ödənişlər beş il əvvəl yalnız 82 manat məbləğində sosial müavinətdən ibarət idisə, sonrakı islahatlar çərçivəsində onlarla bağlı aylıq sosial ödənişlərdə dəfələrlə artım edilib.

Deyək ki, bu gün artıq əlilliyi olan 18 yaşadək uşaqlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olanlara həm 270 manat müavinət, həm 200 manat (gözdən əlilliyi olanlar üçün 300 manat) təqaüd, həm də onlara qulluq edənlər üçün 100 manat təqaüd təyin olunur, yəni bu istiqamət üzrə sosial ödəniş 570 manata (gözdən əlilliyi olan 18 yaşadək şəxslər üçün 670 manata) çatıb.

Eləcə də son beş ildə beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, aztəminatı (ünvanlı sosial yardım alan) ailələrdəki 1 yaşadək uşağa müavinət 2 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artıb”.

F.Talıbov onu da bildirib ki, qeyd edilən və digər istiqamətlər üzrə sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait 2018-ci ilə nisbətən 5 dəfədən çox artaraq 1,5 milyard manatı ötür.

Onun sözlərinə görə, bununla yanaşı, bu gün aparılan siyasət sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi, sosial ödənişlərin bu təminata ehtiyac duyan həssas qruplara yönəldilməsi məqsədi daşıyır:

“Eyni zamanda, prioritet vəzifə insan kapitalının inkişaf etdirilməsidir və  əlavə resurslar təhsilə, elmə yönəldilir”.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin