<

Kreml “Rusiyanın Rembosu”nu xarici agent ELAN ETDİ - FOTO

10:51 - 16 Yanvar 2023

Kreml “Rusiyanın Rembosu”nu xarici agent ELAN ETDİ - FOTO

“Rusiyanın Rembosu” kimi tanınan aktyor Artur Smolyaninov Kreml tərəfindən xarici agent elan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Smolyaninov 2005-ci ildə buraxılan 9-cu Diviziya (Devyataya Rota) ilə adını bütün Rusiyada tanıdıb. Aktyor Sovet İttifaqının Əfqanıstanı işğalından sonra bölgədə qalan sonuncu əsgər rolunu oynayıb.

Filmin uğurundan sonra Rusiya prezidenti Putin çəkiliş qrupunu öz evində qonaq etmişdi. “Film çox güclüdür” deyən Putin o zamankı açıqlamasında belə demişdi:

“Film müharibədən və bu müharibədə çətin şəraitdə yaşayan insanlardan bəhs edən və onların dəyərli olduğunu sübut edən mühüm əsərdir”.

Lakin Smolyaninov fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində anti-Kreml mövqe tutdu.

Yayda Rusiyada yaşayarkən açıqlama verən aktyor müharibənin fəlakət olduğunu deyərək Rusiya Silahlı Qüvvələrinin reputasiyasına xələl gətirdiyi üçün məhkəməyə verilib. Oktyabrda yekunlaşan iş üzrə Smolyaninov 30 min rubl cərimələnib.

“Rusiyanın Rembosu” elə həmin ay ölkədən qaçıb. 39 yaşlı aktyor ötən həftə Rusiyanın müxalif “Novaya qazeta” qəzetinə “Mən sadəcə cəbhə xəttinin Rusiya tərəfindəki insanlara nifrət edirəm. Meydanda olsaydım, mərhəmət etməzdim” demişdi.

Tanıdığı bir futbolçunun Rusiya üçün döyüşməyə getdiyini deyən Smolyaninov:

“Mən onu vurardım? Şübhəsiz ki... Müharibəyə getsəydim, ancaq Ukrayna üçün döyüşərdim” – deyə əlavə edib.

Bu açıqlamalardan sonra Rusiya Ədliyyə Nazirliyi musiqi tənqidçisi Artemi Troitski, hüquqşünas Anatoli Furson, dissident Aleksey Navalninin tərəfdarı Sergey Uxov və jurnalist Aleksandr Şelestlə birlikdə Smolyaninovu xarici agentlər siyahısına əlavə edib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin də Smolyaninovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.

Ölkədə bu kateqoriyaya daxil olan şəxslərin maliyyə hərəkətlərinə ciddi nəzarət edilir. Üstəlik, dərc etdikləri hər bir materialın üzərinə xarici agent olduqları barədə xəbərdarlıq edilir.

Manşet.az



Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin