"Qərbi Azərbaycanlılarla bağlı Prezidentin siyasəti beynəlxalq hüquqa əsaslanır" - ​​​​​​​Azay Quliyev

09:53 - 12 Yanvar 2023

Qərbi Azərbaycanlılarla bağlı Prezidentin siyasəti beynəlxalq hüquqa əsaslanır.

Cənab Prezident dünən televiziyalara verdiyi müsahibəsində Qərbi Azərbaycanlılarla bağlı ölkəmizin yeni hədəflərini və strategiyasını, başqa sözlə “yol xəritəsi”ni açıqladı.

Bununla bağlı iki mühüm amili qeyd etmək istərdim.

Birincisi, dövlət başçısı ayrıca olaraq vurğuladı ki, soydaşlarımızın öz tarixi torpaqlarına qayıtması üçün Azərbaycan “yumşaq güc”dən istifadə edəcək, yəni, dinc yolla, beynəlxalq hüququn verdiyi imkanlara söykənərək buna nail olacaq. Məsələnin bu cür qoyulması beynəlxalq hüquq normaları və öhdəlikləri baxımından çox önəmlidir, çünki dinc yolla öz torpaqlarına qayıtmaq istəyi dünyada hər kəsin təbii haqqıdır və belə yanaşma Ermənistanın bizə qarşı istifadə edə biləcəyi “təcavüzkar” və ya “işğalçı” kimi əsassız ittihamlarını bəribaşdan neytrallaşdırır.

Digər tərəfdən, məlum olduğu kimi Qərbi Azərbaycanlılar 20-ci əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar. Beynəlxalq humanitar qanunlara və konvensiyalara görə isə deportasiya olunan şəxslərin öz yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ var və bu hüququn təmin olunması ərazilərindən qovulmuş ölkələrin öhdəliyinə daxildir. Buna misal olaraq Stalin tərəfindən deportasiya edilmiş Axıska türklərinin Gürcüstana qayıtması ilə bağlı Avropa Şurası qarşısında 1999-cu ildə gürcü hökumətinin götürdüyü əlavə öhdəliyi qeyd etmək olar.

Ona görə də cənab Prezidentin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları ilə bağlı hazırlanan konsepsiyada bu məsələ ayrıca fəsildə qeyd olunacaq. Bundan irəli gələrək deportasiya mövzusu beynəlxalq arenada maksimum qaldırılmalı və soydaşlarımızın doğma vətənlərinə dinc yolla və beynəlxalq humanitar qanunlar əsasında qayıtmasının vacibliyi məsələsi hüquqi və siyasi dildə dəqiq izah edilməlidir.

İkincisi, Qarabağ və Şərqi Zəngəzur problemi həlli edildikdən sonra cənab Prezident tərəfindən “Qərbi Azərbaycanlıların qayıdışı” məsələsinin milli məsələyə və milli davaya çevrilməsi xüsusi əhəmiyyətə malikdir. İndi bu amal ətrafında hamı sıx birləşməli və bu milli mücadiləmizə öz töhvəsini verməlidir.

Bu məsələnin məhz indi aktuallaşması həm də ona imkan verəcək ki, regionla bağlı bir sıra geosiyasi mövzuların məzmunu və istiqaməti dəyişsin, başqa sözlə, daim Azərbaycana qarşı sələndirilən ərazi iddiaları Ermənistana soydaşlarımızın qayıtması mövzusu ilə əvəz olunsun. Nəticədə, Azərbaycan beynəlxalq platformarlarda və diplomatiya cəbhəsində yeni, həm də legitim və tutarlı bir siyasi kurs müəyyən etdi ki, bunun da həyata keçirilməsi üçün kifayət qədər arqumentlər və əsaslar vardır. Dövlət başçısı məhz bunu dəqiq hesabladığına görə müsahibəsində haqlı olaraq qeyd etdi ki, biz qarşımıza həyata keçirilməsi mümkün olan hədəfləri və vəzifələri qoymuşuq.

Əminəm ki, cənab Prezidentin rəhbərliyi və siyasi qətiyyəti ilə xalqımız, xüsusilə, mətbuat, siyasi partiyalar və QHT-lər, o cümlədən deputatlar və diplomatlar bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcək və biz tarixi ədaləti bərpa edəcəyik.

Azay Quliyev

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin