Əhəd Abıyev Quşçu kəndində vətəndaşları qəbul etdi - FOTOLAR

15:06 - 11 Yanvar 2023

Əhəd Abıyev Quşçu kəndində vətəndaşları qəbul etdi - FOTOLAR

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təsdiq olunmuş qrafikə uyğun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri havanın güclü qarlı və yüksək şaxtalı olmasına baxmayaraq, mütəşəkkil formada iştirak ediblər. 
 

Manset.az xəbər verir ki, icra başçısı Əhəd Abıyev sakinləri salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək bildirib:

"Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən də Tədbirlər Planı təsdiq edilərək rayon ərazisində icrasına başlamışıq. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin adı ölkəmizin ərazi bütövlüyünü bərpa edən sərkərdə, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin müəllifi, qalib lider kimi tariximizə qızıl hərflərlə yazıldı. Bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyev müdrik rəhbərliyi ilə ölkəmizi daha böyük uğurlu qələbələrə aparacaq və respublikamızın gələcək inkişafına öz layiqli töhfələrini verəcəkdir."

Çıxışında Əhəd Abıyev 2022-ci ildə Respublika üzrə Daşkəsən rayonunun əldə etdiyi mühüm uğurlu nəticəsini də diqqətə çatdırıb:

 “Daşkəsən rayonunda 2022-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarından,  Dövlət Proqramlarından irəli gələn tələb və tapşırıqlar 98 faiz icra olunaraq Daşkəsən rayonu Respublikada ilin qalibi kimi birinci yerə yüksəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi bir daha əmin edirik ki, 2023-cü ildə də məsuliyyətlə və yüksək keyfiyyətlə Dövlət Proqramlarında qarşıya qoyulan tapşırıq və tövsiyələri vaxtında icra edəcəyik”.

İcra başçısı həmçinin Quşçu kənd sakinləri ilə əvvəlki illərdə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, ötən dövrlərdə Quşçu kəndində tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı təmir edilmiş, kəndə gələn mərkəzi yol asfaltlanmış, əhalinin içməli su və elektrik enerjisi ilə fasiləsiz təminatı sahəsində problemlər aradan qaldırılmış, ərazi qazlaşdırılmış, sosialyönümlü, xüsusilə turizmlə bağlı layihələr icra olunmuş və kənd sakinlərin böyük əksəriyyəti “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində daimi işlə təmin edilmişlər. 

Sonra Əhəd Abıyev kənd sakinləri və şəhid ailələri ilə söhbət edərək onların gündəlik qayğıları və problemləri ilə maraqlanıb. Bildirib ki, şəhid ailələrinə və qazilərə ərzaq sovqatlarının verilməsi, göstərilən hər cür maddi və mənəvi köməkliklər mütəmadi olaraq davam etdiriləcəkdir. Şəhid ailələrinin üzvləri və qazilər  dövlət  tərəfindən onlara verilən yüksək dəyəri qeyd ediblər.

Qəbulda iştirak edən kənd sakinləri Daşkəsən rayonunda görülən abadlıq, quruculuq işlərini, vətəndaşlara olan həssas səmimi münasibəti razılıq hissi ilə söyləyərək onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
 



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin