<

İranda polisə hicabla bağlı tapşırıq verildi

16:40 - 10 Yanvar 2023

İranda polisə hicabla bağlı tapşırıq verildi

İranda polisə “hicab pozuntularına qətiyyətlə cavab vermək” tapşırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda Məhsa Əmini nümayişlərindən sonra məcburi hicab qaydasının pozulması hallarının artdığı müşahidə edilərkən, polis qüvvələrinə "bu pozuntulara qətiyyətlə cavab vermək" tapşırılıb.

Baş prokurorun müavini Abdussaməd Hürrəmabadi mövzu ilə bağlı açıqlama verib.

Hürrəmabadi İran İslami Cinayət Məcəlləsinin 638-ci və Cinayət Prosessual Məcəlləsinin 44-cü maddələrində başın açılmasına görə cəzalar olduğunu bildirərək, hicab qaydasını pozmağın aşkar cinayət olduğunu bəyan edib:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayəti törətmiş şəxsləri tutaraq hökmün icrası üçün səlahiyyətli məhkəmə orqanlarının qarşısına qoymağa borcludurlar. Bu yaxınlarda ölkə Baş Prokurorluğunun göstərişi ilə polisə “Ölkə ərazisində hicab qaydasının pozulması cinayətinə qarşı qətiyyətlə mübarizə aparmaq” tapşırılıb”.

İran İslam Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, məcburi hicab qaydasını pozan şəxslərə 10 gündən 2 aya qədər həbs cəzası verilir. Halbuki İran qanunlarına görə, 3 aydan az olan cəzalar cərimə, sürgün və ya işdən çıxarılma kimi cəzalara çevrilə bilər.

“İnsanları hicab qaydasını pozmağa dəvət etmək” cinayətini törədənlər “fəsad törətmək” maddəsi ilə qiymətləndirilir və 1 ildən 10 ilədək həbs cəzası ilə ittiham olunurlar.

Manşet.az


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin