<

Rusiyanın yaxın adamları Xankəndidə "YOXA ÇIXIR" - Bakıdan KRİTİK HƏMLƏ

09:38 - 6 Yanvar 2023

Rusiyanın yaxın adamları Xankəndidə

Rusiyanı tək Qərbin Ermənistan üzərindən regionda son fəallıqları narahat etmir. Moskva eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı son fəallığından ciddi narahatlıq keçirməyə başlayıb. Rusiyanın Şərqi Avropadakı müharibə nəticəsində zəifləməsi onun qorxularını daha çox artırır. Bu məsələdə Moskvanın artan təlaşı artıq Türkiyəyə sıçramasına səbəb olur.

 

Ukraynada aldığı zərbələrə paralel olaraq Putinin Cənubi Qafqazda da geosiyasi çəkisi və rolu azalır. Artıq Moskva regionda oyun qurmaqdan daha çox oyun pozmaqla məşğuldur. O səbəbdən Rusiya hazırda ona qarşı ən dürüst siyasət yürüdən dövlətləri də özü üçün reall təhlükə hesab etməyə başlayıb. 
 
Rusiya XİN rəhbərinin sözçüsü Maria Zaxarova ötən gün mətbuat konfransı zamanı Moskanın narahat olduğunu göstərən bir məsələyə toxunub. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Zaqafqaziyada güc balansını pozmamalıdır. Bütün ölkələrin digər dövlətlərlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək hüququ var, lakin bu, üçüncü ölkələrə qarşı yönəlməməlidir.
 
Göründüyü kimi Zaxarova nədənsə Bakı ilə Ankaranın qardaşlığından, onların hərbi əməkdaşlığından çox narahatdır və açıqlamasındakı "üçüncü ölkələrə qarşı" ifadəsin zamanı da nədənsə böyük ehtimalla Rusiyanı nəzərdə tutur. Belə anlaşılır ki, Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi ilə regiona daxil olması Rusiyanı qıcıqlandırırdı, amma bu vaxta qədər bunu büruzə vermirdi. 
Son bir ildə Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əməkdaşlıq mənasında çox böyük irəliləyişlər olduğunu nəzərə alsaq, həm hərbi təlimlər, həm də müasir hərbi texnikaların qardaş ölkə hərbi sənayesindən məhz Azərbaycan Ordusunun istifadəyə verilməsi ilin-günün bu vaxtında nədənsə, Moskvadan birdən-birə belə bəyanatın səslənməsinə səbəb oldu. 

Rusiyanın qarnının ağrısı...

 Azərbaycan Ordusunun NATO standartlarına çatdırılması qarşıda dayanan məqsədlərdən biridir. 2025-ci ilə kimi Azərbaycan Ordusunda buna nail olmaq məsələsi gündəmdədir. Bunu bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akarın "Məqsəd 2025-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrini Türkiyə Silahlı Qüvvələri səviyyəsinə çatdırmaqdır" ifadələrini dilə gətirməsi görünür rəsmi Moskvanın yuxusunu qarışdırıb. 

Rusiya NATO-nu özünə təhdid, rəqib gördüyü üçün bu səbəbdən də Türkiyə-Azərbaycan münasibətlərini, hərbi əməkdaşlığını qısqanclıqla qarşılamağa başlayıb. Və deyure Azərbaycan Ordusunun Türkiyə - NATO standartlarına uyğunlaşdırılması Mosvanın bu narahatçılığını birə-on artıran məqamdır. Amma bu narahatlıq çox əsassız və yersizdir. Azərbaycanın da hamı kimi ordusunu təkmilləşdirmək, müasir standartalara cavab verən Silahlı Qüvvələr yaratmaq haqqı və səlahiyyəti var. Bu, ancaq dosta güvən, düşmənə dərd ola biləcək məsələdir.

Amma təəssüf ki, Azərbaycan-Türkiyə hərbi-texniki ittifaqından tək Rusiya yox, Qərbdəki bəzi siyasi dairələr də ciddi narahat olmağa ba.layıb. Son zamanlar Azərbaycana qarşı beynəlxalq güclərin təzyiq və təhdidləri Laçın yolundakı proseslər əsas götürülərək dayanmadan artdığı isə nəzərdən qaçmır. Lakin bununla belə Bakı mövqe, fikir dəyişkliyinə getmək niyyətində deyil, əksinə Ermənistan və sülhməramlı kontingent qarşısında tələblərini artırmaq yolunu tutub. Hücum diplomatiyasını çox uğurla icra etməyə başlayan rəsmi Bakı bunun artıq bəhrəsini də görməkdədir. Beləki, 25 gün əvvəl azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və digər könüllü qrupların Laçın yolunun Şuşa-Xankəndi hissəsində birgə başlatdığı etiraz aksiyası bu gün artıq öz nəticəsini verdi.
 
Şahidi olduq ki, erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qaldılar. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı ilə məşğul olan "Base Metals" şirkəti bu məlumat yaydı ki, orada işlər dayandırıldı. Belə nəticə çıxır ki, Azərbaycanın dinc aksiya yolu ilə 18 günlük təzyiqi qismən də olsa tələbinin bir hissəsinə nail oldu. 
 
Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir:
 
✔ Anti-Rusiya siyasətini açıq müstəviyə keçirir
 
✔ Qərbə yönələn siyasi oriyentasiyasını daha da inkişaf etdirir
 
✔ Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır
 
Son zamanlar sülhməramlı kontingenti Qarabağda yarıtmaz fəaliyyətdə tənqid və təhdid edən Ermənistan tərəfi, xüsusilə də Nikol Paşinyanınəvəzində bölgədə BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi istiqamətində müxtəlif platformalardan çağırışlara, yalvarışlara başlayıb. Amma bu məsələ tək Ermənistanın istəyinə bağlı məsələ deyil. Bu səbəbdən də Rusiya tərəfi bölgəni tərk edəcəyi halda onun yerinə Qərbin hərbi birləşmələrinin gəlməsi məsələsində Bakını sədd görür və görünür ki, bununla bağlı Azərbaycandan istədiyi cavabı da artıq eşidib. 
 
Rəsmi İrəvanın sülhməramlıları hansı adla, hansı məqsədlə bölgədən göndərmək istəməsinin Ermənistandan fərqli olaraq Azərbaycan üçün heç bir fərqi yoxdur. Bunu Qarabağda İrəvanla Bakının üst-üstə düşən yeganə istəyi kimi də adlandıra bilərik. Hər ikisi, sülhməramlı kontingentin çıxmasında maraqlıdır, amma maraqlar fərqlidir. İstisna edilmir ki, Azərbaycan bu və ya digər üsullarla sülhməramlı kontingenti də Qarabağdan çıxarmağa nail ola biləcək.
 
Demək olar ki, bu məsələdə artıq Bakı ilə Moskva arasında bu istiqamətdə müəyyyən şifahi razılaşmalar da əldə olunub. Çünki Rusiya üçün onun hərbi kontingentinin Qarabağdan çıxarılması qarşılığında Bakı, yaxud İrəvan variantından hansının əlverişli seçim olacağını araşdırsaq, istisnasız olaraq Kreml üçün Azərbaycan variantı əlverişli hesab ediləcəyini deyə bilərik.
 
Bunu iddianı Rusiya prezidentinin sözçüsü Peskovun ötən gün etdiyi açıqlamalar bir qədər də qüvvətləndirə bilər. O bildirib ki, "Münaqişənin hər iki tərəfinin razılığı olarsa, BMT-nin beynəlxalq sülhməramlıları cəlb oluna bilər. Bu, təkcə Ermənistandan deyil, həm də Azərbaycandan asılı məsələdir. Dağlıq Qarabağ"dakı Rusiya sülhməramlılarına BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün Bakının razılığı lazımdır".
 
Peskovun bu açıqlamasında belə nəticə çıxır ki, Ukraynadakı hazırda da davam edən müharibə ilə "Əli aşından da, Vəli aşından da olan" Kreml Cənubi Qafqazda sülhməramlılarını çox saxlaya bilməyəcəyini artıq artıq başa düşməyə başlayıb. Amma Moskva buna görə narahat deyil. Onun narahat olmamasının ən başlıca səbəbi isə görünür Bakıdan verilən kişi sözüdür. Yoxsa, Rusiya Bakının adını hallandırıb, belə arxayınlıqla onun regionda əsas rəqiblərinin mövqe savaşındakı cəhdlərinə belə soyuqqanlılıqla cavab verəcəyi inandırıcı deyil.

Peskovun həmkarı Maria Zaxarovanın açıqlamasından fərqli olaraq belə fikir səsləndirməsi də Moskvanın Bakıya olan arxayınlığına, inam-etimadına görədir. Düzü, Kremlin Bakıya inanmaqdan başqa variantı da qalmayıb.
 
Çox güman ki, Rusiya XİN başçısı dekabrın 23-də Ceyhun Bayramovla görüşü zamanı, Əliyev isə Sankt-Peterburqda Putinlə təəkbətək danışıqlarda Moskvanı inandırmağı bacarıb, əmin edib ki, Azərbaycan bölgəyə hər hansı bir kənar qüvvənin gəlməsində qəti maraqlı deyil, Rusiyanın iştirakı ilə imzalanan bəyanatda sülhməramlıların Qarabağda müvəqqəti 5 il qalması məsələsi ilə bağlı öhdəliyinə Azərbaycan üçün ciddi bir narahatlıq ortaya çıxmayacağı təqdirdə də sadiq qalacaq. 
 
Bu yerdə Xarici işlər naziri Ceyhun Bayramovun 27 dekabrda 2022-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı hesabat xarakterli çıxışını xatırlamaq yerinə düşər. Azərbaycanın XİN başçısı Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri ilə diqqət çəkdi: "Moskva Bakının tələbi qarşısında bildirir ki, "erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir". 
 
Konkretləşdirsək, Moskva dolayısı ilə Bakıya dedi ki, get "qanunsuz silahlılar" məsələsini Ermənistanla həll edə bildiyin kimi həll et, məni daha bu mövzuya qatma. Moskvanın bu yanaşmasından belə nəticə çıxır ki, Rusiya öhdəliyindən (4-cü bənd) imtina edir. Rusiyanın belə bir qərar dəyişikliyi və üçtərəfli bəyanatda 4-cü bəndlə (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) bağlı öhdəliyindən imtina etməsi rəsmi Bakıya da imkan verir ki, öz legitim ərazisi olan Qarabağın istənilən nöqtəsində istənilən zaman antiterror əməliyyatı icra edərək bölgəni qanunsuz erməni silahlı birləşmələrindən son nəfərinə kimi təmizləsin.
 
Və ən əsası da Rusiyanın belə bir təkliflə çıxış etməsi Azərbaycana yol açır ki, 10 noyabr bəyanatının 4-cü bəndinin digər "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır" müddəasına da Bakı konkret qərar verərək kontingentin nəzərdə tutulan 5 ildən daha tez və yaxud da ondan çox olmayaraq - vaxtı tamam olan kimi Qarabağı tərk etməsi üçün gərəkən addımları atsın. 
 
Bakı ilə Moskvanın bu üstürtülü razılığı ən çox Qarabağdakı separatçılara ağır zərbə olacaq. Baxmayaraq ki, Ruben Vardanyan məhz Kremlin layihəsi idi. Baxmayaraq ki, Vladimir Putin Lavrov-Bayramov görüşündən bir gün əvvəl Vardanyanı Rusiya vətəndaşlığından çıxartmaqla Əliyevlə Sankt-Peterburq görüşü öncəsi də Kremlin Bakının narazılığı qarşılığında nəsə deməsi üçün özünə bir imkan yaratdı. Amma görünən odur ki, hər ötən gün Qarabağdakı vəziyyət, laçın yolundakı aksiya Rusiyanın işini biraz da çətinə salır. Buna görə də artıq Kreml öz reputasiyasından daha çox ona qarşı yönələn oxlardan qaçmağın yolların arayır. 
 
Lavrovun azərbaycanlı həmkarı ilə görüşü zamanı "Vardanyan artıq bizim vətəndaş deyil, bizim onunla daha heç bir əlaqəmiz yoxdur. Ona görə Rusiya məsuliyyət daşımır" kimi ifadələrə də yer verməsi bir daha Qarabağdakı proseslərin Rusiyanın planlarına uyğun şəkildə getmədiyini, proseslərin gözləntiləntilərindən xeyli aşağı olduğunu düşündüyü qənaətini ortaya atır. Çox güman ki, Kreml təlimatlandırararaq, müəyyən vədlər verərək Qarabağa göndərdiyi Vardanyan və onun kimi digər separatçıları bu yerdə qurban verməyə tam hazır vəziyyətdədir. 
 
Proseslərin bu cür inkişafı Ukrayna ilə müharibəyə başladığı ilk günlərdən Rusiyada yoxa çıxan, "intihar", qətlə yetirildikləri xəbərləri yayılan iş onlarla adamlarından biri də məhz erməni əsilli "rus" milyarder Ruben Vardanyan ola bilərdi. Görünür Moskva Vardanyana bir şərtlə şans verib ki, sən Qarabağa köçüb öz milyardlarını oradakı separatizmin inkişafı, qondarma rejimin gücünü artrımaq istiqamıtində xərcləyəcəksənsə, telinə də zərər gəlməyəcək vədi verilib. Ehtimallar sırasında R.Vardanyanın ailəsi ilə bağlı da Rusiyadan xeyli təhdid edildiyi variantları da istisna edilmir.
 
Nəzərə alsaq ki, Rusiya hakimiyyətinin çirkli pullarının yuyulması ilə bağlı müxtəlif iddialar dolaşır, demək ki, artıq Kreml üçün belə bir adamın "istifadə müddəti" də çox şəkə bilməzdi. Milyarderin “Troyka Dialoq” investisiya bankını quraraq etik standartlara uyğun iş apardığı üçün Rusiyada bir çox mükafatlar alıb. Lakin bankın adı çirkli pulların yuyulmasında da hallanır. Belə ki, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) 2019-cu ildə yayımladığı hesabatda qeyd olunub ki, bank ofşor şirkətlər sistemi yaradaraq pulların gizli şəkildə Rusiyanın ən nüfuzlu adamlarına, prezident Vladimir Putinin dostlarına ötürülməsində iştirak edib. İddia olunub ki, az qala 9 milyard dollarlıq çirkli pulun yuyulması həyata keçirilib.
Bu faktların özü-özlüyündə nə zamansa Rusiya siyasi hakimiyyətinin ziyanına işləyə bilər, o zaman Kremlin artıq bu insanın xidmətində daha maraqlı olmadığı və onu elə sonuncu olaraq Qarabağdakı bataqlıqda boğmaq məqsədi güddüyü daha inandırıcı səslənir. Son günlər birdən-birə Ermənisyan mediasında Vardanyan, Balasnyan və Arutyunyan arsındakıgərginliyin pik həddə çatması ilə bağlı məlumatlar yayması günün reallığını özündə əks etdirir. 

Artıq Vardanyan da çox yaxşı başa düşür ki, Rusiya Bakının Laçın yolundakı aksiya və digər kanallar vasitəsilə etdiyi təzyiqlər qarşısında dayanmaqda çətinlikçəkir və proseslərin bu cür inkişafı onun ən yaxşı halda Qarabağdan baş götürüb qaçması ilə nəticələnə bilər. Bu faktın özü bir daha deməyə əsas verir ki, Vardanyan Qarabağda öz başına, öz xoşuna deyil. O sadəcə, özündən əvvəl müəmmalı şəkildə ölmüş iş adamlarını gözünün önünə gətirib, onların, ailələrinin taleyini düşünərək verilən təklifə etiraz edə bilməyib. Bu səbəbdən də Vardanyan bu gün Qarabağdadır. Amma daha onun varlığı yoxluğu Moskva üçün heç bir əhəmiyyət kəsb etmədiyi kimi, onun gəbərdilməsinidə kimin icra edəcəyi Rusiyanın maraqlarından kənar məsələyə çevrilib. Eyni ilə Lavrovun dediyi kimi ...

Atabəy Türkel


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin