<

Şəmkirdə qumbara partlayışı ilə bağlı araşdırma aparılır -YENİLƏNİB (FOTO/VİDEO)

21:57 - 5 Yanvar 2023

Şəmkirdə qumbara partlayışı ilə bağlı araşdırma aparılır -YENİLƏNİB (FOTO/VİDEO)

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

***20:14

Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb. 

 

Manset.az-ın məlumatına görə, xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Qeyd edək ki, Şəmkir şəhərində Nəsib Qarayeva məxsus dövlət nömrə nişanı 20-BF-603 olan "VAZ-2107" markalı avtomobildə sərnişin qismində olan Binnət Qarayevdə olan qumbara partlayıb. Nəticədə hər ikisi müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

***19:34

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin  Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***18:45

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

***18:30

Şəmkir şəhəriərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində partlayış olub.

 

Manset.az-ın məlumatına görə, hadisə nəticəsində 51 yaşlı Nəsib Heydərov və 33 yaşlı Binnət Qarayev xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisənin valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin