Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

14:42 - 30 Dekabr 2022

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.

Millət vəkili Elşad Mirbəşir Manset.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına böyük qələbə gətirdi:

Oxu.az - Milli Məclisdə “TikTok”la bağlı qadağa TƏKLİFİ - FOTO

“Biz torpaqlarımızı işğaldan azad etdik. Ayrıca olaraq, 44 günlük Vətən Müharibəsi xalqımızın özünə güvən hissini formalaşdırdı. 30 il müddətində torpaqlarımız Ermənistanın işğalı altında idi. Həmin ərazilərdə Ermənistan çoxsaylı qanunsuz əməllər törədirdi. Azərbaycan təbiətinə, flora-faunasına qarşı sözün əsl mənasında terror həyata keçirirdi. Amma 44 günlük Vətən Müharibəsi dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı çox güclü, böyük iradəyə malik olan xalqdır. Biz 30 il müddətində münaqişənin dinc vasitələrlə tənzimlənməsi üçün çalışdıq. Bu da bizim sülhsevər xarakterimizdən xəbər verirdi. Yəni biz münaqişəni dinc vasitələrlə tənzimləmək istəyirdiksə, bu o demək deyildir ki, bizim başqa imkanlarımız mövcud deyil. Ölkə prezidenti hər zaman qeyd edirdi ki, nəticəsiz danışıqları sona qədər davam etdirməyəcəyik. Əgər danışıqlar nəticə verməsə, bizim hərbi gücümüz torpaqlarımızı işğaldan azad etməyə imkan verir. Həqiqətən də, biz dediklərimizi praktikada nümayiş etdirdik. Ermənistan yenə də imitasiya xarakterli mövqe nümayiş etdirməyə başladı, təxribatlarını davam etdirdi. Biz də hərbi yolla torpaqlarımızı işğaldan azad edərək gücümüzü həm Ermənistana, həm onun havadarlarına, ümumiyyətlə bütün dünyaya nümayiş etdirdik. 44 günlük Vətən Müharibəsi həm də Azərbaycan xalqının nə qədər həmrəy olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı, ölkə prezidenti ordu ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunması üçün bacardığı töhfəni verdi”.

Millət vəkilinin sözlərinə görə,  Vətən Müharibəsində qazanılan hərbi qələbə sonrakı mərhələdə davamlı olaraq bizə siyasi qələbələr gətirib:

“Biz hərbi yolla formalaşdırdığımız güc mövqeyimizi sonra siyasi elementlərlə davam etdirdik. Beynəlxalq müstəvidə bizim mövqelərimiz qəbul olundu.

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün əsas olaraq Azərbaycanın irəli sürdüyü sülh şərtləri qəbul olundu. Praqada keçirilən, sonra Soçidə baş tutan görüşlər də nümayiş etdirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında baş tuta bilər. Faktiki olaraq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmiş oldu. Praqada səsləndirilən və təsdiqlənən mövqe o oldu ki, sərhədlərin müəyyənləşdirilməsi, münasibətlərin normallaşdırılmasında 1991-ci ilin dekabr ayında qəbul olunmuş "Almata" deklarasiyasına istinad olunur. Bu mövqe Soçidə də sərgiləndi. Bu da Azərbaycanın siyasi-diplomatik qələbəsi idi ki, bu istiqamətdə uğurlarımızın kökündə də 44 günlük Vətən Müharibəsində qazanmış olduğumuz tarixi zəfər dayanır. Sözsüz ki, 2023-cü ildə də məhz həmin tarixi qələbəmizə istinad edərək biz yeni, siyasi, diplomatik qələbələr qazanacağıq. Müəyyənləşdirdiyimiz hədəflərə uğurla çatacağıq”.

Deputat həmçinin əlavə edib ki, ermənilər tərəfindən törədilən vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində təbii ki, biz təsirli addımlar atılır:

“Kifayət qədər ciddi faktora söykənərək Ermənistanın Azərbaycan dövlətinə, xalqına qarşı törətmiş olduğu cinayətlərə görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquq müstəvisində ciddi addımlar atılmaqdadır. Düşünürəm ki, mütləq bunun nəticəsi olacaqdır. Ayrıca olaraq, bildiyimiz kimi, Ermənistan bu gün də Azərbaycan ərazisində yaşayan erməni separatçılarının əli ilə bizim təbii sərvətlərimizi qeyri-qanuni, cinayət yolu ilə istismar etməkdədirlər. Bu məsələləri də beynəlxalq müstəvidə müzakirə predmetinə çevirməkdəyik və bu istiqamətdə hüquqi dəyərləndirmələrin həyata keçirilməsi üçün çalışmaqdayıq”.

Elşad Mirbəşir hesab edir ki, Azərbaycanın siyasi gücü artdıqca bu proses də sürətlə baş verməkdədir:

“Biz Ermənistanın ölkəmizə, xalqımıza qarşı törətmiş cinayətlərə görə cavab verməsinə nail olacağıq.

Azərbaycan torpaqlarını 30 illik işğal altında saxladığı dövrdə Ermənistanın ölkəmizə vurmuş olduğu zərərlər də dəqiqliklə hesablanmaqdadır. Bu istiqamətdə beynəlxalq səviyyəli mütəxəssislər cəlb olunmaqdadır. Bu işlər də təbii ki, davam etdiriləcəkdir. Biz öz haqlı mövqelərimizin müdafiəsi istiqamətində təsirli addımlar atmaqdayıq. Bunun da mütləq nəticəsinin olacağına inanırıq”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin