TikTok rəsmilərinin Azərbaycana səfəri niyə gizli saxlanılır? - AÇIQLAMA

13:20 - 20 Dekabr 2022

TikTok rəsmilərinin Azərbaycana səfəri niyə gizli saxlanılır? - AÇIQLAMA

“Son zamanlarda iki dəfə geniş komanda ilə ölkəmizə səfər edən TikTok rəsmiləri bildiyim qədər RİNN, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İNNOLAND, İçərişəhər Dövlət Qoruğu və s.qurumlarla və özəl sektorla, ekspertlərlə görüşüb”.

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz deyib.

O, bildirib ki, mətbuat TikTok-la, onun ölkəmizə maraq göstərməsi ilə, ofis açıb-açmayacağı ilə bağlı suallar verir.

“Hansı ki bu tip ictimai əhəmiyyət kəsb edən suallar daha çox dövlət qurumlarına yönəlməlidir. Bir neçə gün gözlədim ki, qurumlar bunu özləri paylaşarlar. Gördüm səs çıxmır, ictimai əhəmiyyət kəsb etdiyini düşünərək özüm açıqladım.

Məsələ ondadır ki, ölkəmizdə 3 milyonluq auditoriyaya sahib olan bu sosial platforma Azərbaycanın rəqəmsal bazarına maraq göstərir. Əlbəttə, düşünürəm ki, TikTok-un biznes və tanıtım, marketinq və s. faydalı tərəfləri ilə yanaşı təhlükəsizlik tərəfi də var.

Təəssüf ki, TikTok rəsmiləri ilə görüşən bizim dövlət qurumları çox "xəsislik" edirlər. Müzakirə mövzularını, ictimai məlumatları paylaşmırlar. Hətta elə dövlət qurumları var ki, onlar da bu haqda məlumatları bizdən axtarırlar.
Bu doğru bir yanaşma deyil, belə olmalı deyil. Gərək dövlət qurumları görüşlə bağlı, müzakirə olunan məsələlərlə bağlı, perspektivlə bağlı ictimai informasiyaları açıqlasınlar.

Ən azı "İnformasiya əldə etmək haqqında" qanun bunu tələb edir”,- deyən O.Gündüz fikrini bildirib.

Əlavə edib ki, bu tip informasiyalar müxtəlif təbəqələrə, vətəndaşlarımıza və sahibkarlara, ictimai sektora daha düzgün qərarlar qəbul etməyə, işləri və biznesi daha yaxşı və ağlabatan formada planlama aparmağa kömək ola bilər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin