Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

15:36 - 9 Dekabr 2022

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.
 
Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Xalqımız dünyanın ən qədim dövlətçilik ənənələrinə, dərin mədəni irsə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir və dövlətimizin qədim tarixə malik olduğunu bu günümüzə qədər qalan abidələrimiz də təsdiq edir. Əlbəttə ki, belə boyük, qədim bir tarix, mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, eyni zamanda, ədəbiyyatımızın tərəqqisinə səbəb olub.
Millətin, xalqın adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olması onu tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindəndir. Elə bu baxımdan da demək olar ki, hər bir millətin, hər bir xalqın mənəvi, mədəni simasını göstərən məhz milli adət və ənənələr, eləcə də yüksək mənəvi dəyərlər sistemidir. Azərbaycan xalqı məhz özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verən ən qədim xalqlardandır, hansı ki, xalqımızın bu adət və ənənələri, yüksək mənəvi dəyərləri hər zaman bütün dünyanın diqqətini cəlb edib. Bütün dünya xalqları hər zaman xalqımızın milli adət və ənənələrinə maraq göstərib, mədəniyyətimizin zənginliyinə böyük dəyər verib və bunun da qədim tarixi köklərə bağlı olması qənaətindədir.

Millət vəkili Müşfiq Məmmədli Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda milli adət-ənənələrinin təbliğinə daim önəm verilib:

 “Biz bir qədər tarixə səyahət etsək, geriyə doğru baxsaq, görərik ki, Sovetlər Birliyi zamanı bu təbliğat daha çox ümumittifaq arenasında həyata keçirilirdi. Dünya ictimaiyyətinə Azərbaycanın qədim adət-ənənələrinin təbliğ edilməsi istənilən səviyyədə deyildi. Lakin biz artıq müstəqil dövlət olduqdan sonra ilk zamanlar çox böyük informasiya blokadasında yaşayırdıq. Hətta adi həqiqətlərimizi dünyaya çatdırmaqda çox çətinlik çəkirdik. Ümumilli Lider hakimiyyətə gəldikdən sonra bu blokada yarıldı. İlk olaraq Qarabağ həqiqətləri dünyaya çatdırıldı. Sonrakı müddətdə isə Azərbaycanın qədim adət-ənənələri və bizim tariximiz, Qafqazda azərbaycanlılar olaraq qədim tariximiz, adət-ənənələrimiz, xüsusən Novruz bayramının bütün dünyada və Yunesko-nun mədəni irsi çərçivəsinə daxil edilməsi, bu istiqamətdə aparılan tədbirlər, addımlar, sonradan isə diaspora ilə işin doğru istiqamətdə qurulması, Ulu öndər tərəfindən atılmış addımlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı sis pərdəsinin dağldılmasına gətirib çıxardı.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində  iştirak edib - AZƏRTAC

Sonrakı müddətdə Ulu öndərin davamçısı olan cənab prezident İlham Əliyevin və birinci xanım, vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyəti çox mühüm addımlar atılmasına gətirib çıxardı. Artıq biz həm səfirliyimiz vasitəsilə, həm diaspora vasitəsilə və bundan başqa isə, Mehriban Əliyeva tərəfindən daha bir fərqli yanaşma meydana çıxdı. Yuneskoda, digər beynəlxalq təşkilatlarda, Cənab Prezident tərəfindən Nizami fondunun yaradılması kimi atılan addımlar həm qədim adət-ənənələrimizin, ədəbiyyatımızın, həm də indiki mədəni inkişafımızın müxtəlif sərgilər, işlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması həyata keçirildi.

Sonrakı mərhələdə isə, beynəlxalq səviyyəli olimpiya oyunlarının, idman yarışlarının təşkilində də biz birinci vitse-prezidentin rolunu xüsusilə qeyd etməliyik. İdman tədbirləri, beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili həm Azərbaycan mədəniyyətinin dünyaya təbliğində mühüm rol oynadı, həm də mədəniyyətin birbaşa xaricdən gələn qonaqlar, turistlər və o proseslərdə iştirak edən insanlar vasitəsilə öz ölkələrində onlar bir növ bizim mədəniyyətimizin təbliğatçısına çevrildilər”.

Deputat əlavə edib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti təbliğ olunur:

“Bütün bu kompleks işlər çox mühüm addımlardır. Biz artıq həqiqətən də görürük ki, təkcə yaxın xaricdə deyil, hətta mən Latın Amerikası ölkələrindən birinin parlamentlərarası dostluq qrupunun rəhbəri kimi deyə bilərəm ki, son müddət ərzində Braziliyada həm səfirliyimiz, həm də müvafiq Xarici İşlər Nazirliyinin xətti ilə çox mühüm tədbirlər keçirilir, bizim bəstəkarlarımızın əsərləri səsləndirilir. Eləcə də, Şimali Amerikada, Birləşmiş Ştatlarda da bu istiqamətdə böyük təbliğat işləri gedir, bu uzaq xaric. Yaxın xaricdə isə, Avropada həm də azərbaycanlıların xaricdə təhsil alması hesabına, bizim tələbələrimizin sayəsində mədəniyyətimizin, tariximizin və indimizin, keçmişimizin təbliğatı geniş şəkildə aparılır.  Burada da təbii ki, dövlətin aparıcı rolunu xüsusilə qeyd etmək lazımdır”.

Millət vəkili əlavə edib ki, beynəlxalq aləmdə Azərbaycan elminin təbliği üçün müəyyən addımlar atılır:

“Azərbaycan elminin təbliğində də beynəlxalq əlaqələrdə ən mühüm istiqamət qarşılıqlı tələbə mübadiləsi, elmi işçilərin mübadiləsi, bizim elmi işçilərin həmin ölkələrdə təhsil alması və o təhsili bizim ölkəmizdə tətbiq etməsi, bizim də aparıcı elm xadimlərimizin mütləq elmi araşdırmalarının digər ölkələrdə aparılması çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də addımlar atılır. Həm tələbə mübadiləsi, həm də sonrakı müddətdə, təhsilin sonrakı pillələrində mübadilələrin aparılması həyata keçirilir. Müxtəlif beynəlxalq şirkətlərin, buna daha çox transmilli şirkətlər daxildir, neft sahəsində çalışan transmilli şirkətlərin və o cümlədən də informasiya texnologiyaları sahəsində çalışan şirkətlərin Azərbaycan bazarında fəaliyyətə cəlb olunması  və o cəlbolunma hesabına da, bu strategiya, neft strategiyasının bünövrəsi Ulu Öndər tərəfindən qoyulub.

Sonrakı müddətdə isə neft strategiyası uğurlu nəticələndikdən sonra isə artıq digər sahədə çalışan şirkətlər də Azərbaycana investisiya qoydu. İlk vaxtlar addımlar daha çox iqtisadiyyatın stimullaşdırılması üçün atılırdı. Lakin bundan sonra isə transmilli şirkətlərdə çalışan azərbaycanlılar artıq digər ölkələrdə də fəaliyyət göstərməyə başladı. Bu da bizim elmdə həm aparıcı şəxslərin təbliği, həm də Azərbaycan elminin təbliği idi”.

Millət vəkili qeyd edib ki, əldə olunan uğurlarla bərabər müəyyən addımlar atılmalıdır:

“Amma təbii ki, biz mədəniyyətimizin, idmanımızın və tariximizin təbliği istiqamətində atılan addımlarda daha çox uğur qazanırıq. Elmin təbliğində isə həm elm xadimlərinin yetişdirilməsi, həm də onun təbliğatı istiqamətində hələ atacağımız çox addımlar var. Mən inanıram ki, Elm və Təhsil Nazirliyinin yaradılması bu istiqamətdə yeni addımların atılması prosesini daha da sürətləndirəcəkdir.

Bunun üçün ilk növbədə biz yeni dünya trendlərini təqib edib, o istiqamətdə addımlar atmalıyıq. İnformasiya texnologiyalarının həm sürətlə inkişafı, həm də bu sahədə Azərbaycanın çox böyük, gənc potensialı vardır. Azərbaycanda gənclərin nisbətini avropa ölkələri ilə müqayisə etsək, bizim ölkədə daha çoxdur. Bu da İT sahəsində bizim gənclərimizin dünyadakı elmi ixtiraları təqib edib orada müvafiq şirkətlərdə müvafiq elm müəssisələrində yetişməsidir. Bu həm bizim insanlarımızın təbliğidir, həm də həmin bilik və bacarıqları Azərbaycanda yüksək şəkildə inkişaf etdirə bilərlər”.

Müşfiq Məmmədli bildirib ki, İT strukturun qurulması zəruridir:

“Bundan əlavə, biz məsələn silikon vadisinə bənzər bir İT strukturu qurulması yaxşı olardı. Məsələn, "Araz Vadisi İqtisadi Zonası",  Sumqayıtda Texnologiyalar parkı vardır. Bu istiqamətdə addımın atılması çox önəmli olardı ki, biz ölkəmizi regionun həm də informasiya texnologiyaları mərkəzinə çevirərdik. Burada həm uğur qazanma ehtimalımız çox yüksəkdir, həm də bizdə olan kadr potensialı bu istiqamətdə addımlar atmağımıza çox mühüm önəm və dəstək verə bilər”.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin