Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq yeyinti

20:43 - 2 Dekabr 2022

Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq yeyinti

Hazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

 

Manset.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, iş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin