İlham Əliyev Oğuz-Şəki yolunun yenidənqurmadan sonra açılışında iştirak etdi- YENİLƏNDİ

19:33 - 2 Dekabr 2022

İlham Əliyev Oğuz-Şəki yolunun yenidənqurmadan sonra açılışında iştirak etdi- YENİLƏNDİ

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri barədə məlumat verib.

 

Manset.az xəbər verir ki, məlumat verilib ki, məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Layihəyə uyğun olaraq məscid ərazisində xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Məscidin qədim giriş darvazası və pilləkənləri, o cümlədən onun cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.

 

Məsciddə bərpa işləri çərçivəsində 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilmişdi. Bu səbəbdən həmin hissədə bərpa işləri dayandırılmış və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmış, ekspedisiyanın tədqiqatı və qazıntı işləri nəticəsində həmin hissədə qəbir aşkar olunmuşdur. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsinə dair məlumatın olması digər fərqli tədqiqatlarda da bu barədə olan məlumatlar əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı. Mütəxəssislərə dəstək məqsədilə Heydər Əliyev Fondunun köməyi ilə aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.

 

Məlumat verildi ki, məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.

 

Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu “Qurani-Kərim” bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

***

Prezident İlham Əliyev Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.

***

Prezident İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

Manset.az xəbər verir ki, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin