Bakıda qadın 10 manata görə iş yoldaşını döydü

14:11 - 29 Noyabr 2022

Bakıda qadın 10 manata görə iş yoldaşını döydü

Bakının Nəsimi rayonunda 1995-ci il təvəllüdlü Ülkər şəxsi münasibətlər zəminində iş yoldaşı Elnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində gözəllik və sağlamlıq mərkəzlərindən birində baş verib.

Ülkər iş yoldaşı Elnarə ilə mübahisə zamanı ona şillə və təpik zərbələri vurub. Elnarə hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülkərin sözlərinə görə, gözəllik və sağlamlıq mərkəzində administrator vəzifəsində çalışır: “İş prinsipim müdiriyyətin mənə verdiyi göstərişə və səlahiyyətlərə əsaslanaraq salonda işləyən şəxslərin işə gecikmələrinə görə cərimə yazmaq, hər hansı xətaya görə onlara irad tutmaqdır. Elnarəyə qarşı əvvəlcədən şəxsi qərəzliliyim və ədavətim olmayıb”.

Ülkər qeyd edib ki, hadisə günü Elnarə işə gecikdiyinə görə ona iradı bildirib və müdiriyyətin tapşırığına əsasən 10 manat cərimə yazıb:

“Bundan sonra Elnarə mənə qarşı ədavətli davranmağa başladı. Hər məni görəndə qıcıqlandırıcı sözlər deyib məni əsəbləşdirirdi. Buna baxmayaraq Elnarənin dediyi sözlərə əhəmiyyət verməməyə çalışırdım.

Həmin gün saat 18:00-da salonun masaj otağına daxil olarkən təsadüfən Elnarə də orada idi. Bu zaman Elnarəyə hansı səbəbdən mənimlə belə rəftar etdiyini, müştərinin yanında mənə qarşı hörmətsizlik etdiyini soruşdum. O da mənim və ailəmin ünvanına nalayiq ifadələr işlətdi. Əsəbləşərək Elnarənin sinəsindən itələdim. Boğazından tutaraq məni təhqir etməməsini tələb etdim.

Elnarə sərt şəkildə təhqirə davam etdi. Daha da əsəbləşərək onun saçını yoldum.

Elnarənin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq döyülməsi barədə məlumat verdiyini sonradan eşitdim”.

Zərərçəkmiş Elnarənin sözlərinə görə, gözəllik və sağlamlıq mərkəzində usta kimi fəaliyyət göstərib:

“İşlədiyim salonda administrator vəzifəsində çalışan Ülkər mənimlə qərəzli və ədavətli münasibətdə olub. Mütəmadi olaraq işimə irad tutub, mənə təzyiq göstərərək ünvanıma nalayiq ifadələr işlədib”.

Zərərçəkmiş şəxs qeyd edib ki, hadisə günü saat 18:00-da salonun masaj otağında olarkən Ülkər də həmin otağa gəlib:

“Onunla həmsöhbət olmamaq üçün otaqdan çıxmaq istədim. Ülkər ünvanıma nalayiq ifadələr işlətdi. Məni arxaya itələdi, saçımdan tutaraq yoldu. Bədənimin müxtəlif hissələrinə xəsarət yetirdi.

Ülkərin əlindən qaçaraq otaqdan çıxmağı bacardım. Dərhal “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Ülkərdən şikayətçiyəm”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Ülkər 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin