<

Azərbaycanda akademik vəfat etdi - FOTO

12:06 - 29 Noyabr 2022

Azərbaycanda akademik vəfat etdi - FOTO

Tanınmış kimyaçı alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmov ömrünün 92-ci ilində vəfat edib.

 

Bu barədə AMEA-nın Rəyasət Heyəti məlumat yayıb.

Qeyd edək ki, Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Alim 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Musa Rüstəmovun əsas fəaliyyət istiqaməti neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində olub. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.

Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerjidaşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb.

Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adlarına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb.



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin