Qaz tədarükümüz artarsa, gəlirlərimiz necə dəyişəcək? - TƏHLİL/FOTOLAR

19:58 - 22 Oktyabr 2022

Qaz tədarükümüz artarsa, gəlirlərimiz necə dəyişəcək? - TƏHLİL/FOTOLAR

Ekspertlər deyirlər ki, Azərbaycan qarşıdakı illərdə qaz satışından indiki qiymətlər fonunda kifayət qədər gəlir əldə edəcək. Çünki təbii qaz qiymətləri qarşıdakı illərdə elə də aşağı olmayacaq. Gəlirlərin konkret məbləği isə dünya bazarında qazın qiymətindən asılı olacaq. 

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib ki, ötən il Azərbaycan təqribən 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Bu ilin iyulunda Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Əgər qaz tədarükümüz artarsa, bu, gəlirlərimizə necə təsir edəcək?

Müştərinin olması yataqların işlənməsini sürətləndirəcək

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, 2018-ci ildə “Şahdəniz 2” layihəsinin istismara verilməsi, 2020-ci ilin sonundan isə Avropaya ixracın başlanması Azərbaycanın böyük qaz hasilatına keçməsinin başlanğıcı oldu: “Azərbaycan regional bazarda qaz satışından sonra böyük bazarlara da çıxışı təmin etdi. Qarşıdan gələn 5 illikdə Azərbaycan qazının ixrac həcmlərinin Avropa bazarlarında 2 dəfə artırılması yeni qaz ehtiyatlarımızın böyük bazara çıxarılmasına şərait yaradır. Çünki qazın neftdən fərqi budur ki, gərək ilkin olaraq alıcını tapasan, sonra ehtiyatlarını işləyəsən”.

İ.Şaban bildirdi ki, Azərbaycanın “Şahdəniz”dən əlavə bir neçə işlənməmiş yeni qaz yatağı da var: “İlk növbədə “Abşeron”, “Ümid” və bir sıra digər perspektiv qaz yataqları nəzərdə tutulur. Uzunmüddətli dövr üçün alıcılar ortaya çıxandan sonra Azərbaycan bu yataqları bir-birinin ardınca istismara vermək şansı qazanır. Bu isə neft gəlirlərimizin, hasilatın azaldığı bir şəraitdə itkilərin qaz gəlirləri ilə əvəzlənməsinə şərait yaradır”.  

Qazancı indidən proqnozlaşdırmaq çətindir

Ekspertin fikrincə, 10-20 ildən sonra qazdan nə qədər qazanc əldə edəcəyimizi indidən proqnozlaşdırmaq çox çətindir: “Çünki Azərbaycan neftini bazara çıxardığı ilk ildə 1 barelini 10 dollardan satmışdı. Üstündən 10 il keçdikdən sonra isə neftin qiyməti 140 dollar idi. İndi 1800 dollardan baha satılan qaz, bilmirik ki, gələn il və ya 5 il sonra 2000-3000 və ya 300 dollar olacaq. Dünyanın xammal bazarındakı vəziyyət çox təlatümlüdür. Hazırda tələbin yüksək olması ilə paralel qiymətlər də yüksəkdir. Ancaq dünyadakı hərbi-siyasi gərginlik aradan qaldırılandan, yeni bazarlara infrastruktur qurulandan sonra bu çətinliklər olmayacaq. Belə olan halda qiymətlərin enməsi normaldır”.  

Təbii qaza tələbat artacaq, qiymətlər də yüksək olacaq 

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev isə deyir ki, yeni iqlim tələbləri ilə bağlı Avropa İttifaqının üzvü olan ölkələr qarşıdakı illərdə təbii qaza olan tələbatı bir az da artıracaqlar: “Hədəf ənənəvi neft məhsulları, o cümlədən daş kömür, yanacaq mazutu və digər məhsulların bir hissəsindən imtina etməkdir. Təbii qaz qarşıdakı illərdə nəinki Avropa ölkələri, bütün dünyada həm enerji dəyərinə, həm də ekoloji təmiz yanacaq növü olduğuna görə yaşıl enerji mənbəyi kimi dəyərləndiriləcək. Bu mənada qarşıdakı illərdə həm Avropa ölkələrində, həm də dünyanın digər ticarət platformalarında təbii qaza tələbat artacaq, qiymətlər də yüksək olacaq”.

Z.Vəliyevin sözlərinə görə, Azərbaycanın hədəfləri Cənub Qaz Dəhlizinin keçdiyi coğrafi ərazilərdə ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə məhdudlaşmır: “Eyni zamanda, bu dəhlizin Balkanlar istiqamətində genişləndirilməsi məsələsi də gündəmdədir. Yaxınlarda Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəmərinin sənaye istismarına verilməsi, Cənub Qaz Dəhlizinin artıq Balkanlar istiqamətində genişləndirilməsi mənasını daşıyır. Kəmərin hazırkı ötürücülük gücü 3 milyard kubmetrə yaxındır. Qarşıdakı illərdə ötürücülük qabiliyyətinin 5 milyard kubmetrə kimi artırılması planlaşdırılır”. 

Avropaya satdığımız qazın qiymətləri aşağı deyil

Ekspert bildirdi ki, Azərbaycanın məqsədi qlobal qaz təchizatı matriksinin iki komponentinin birində daha çox elementə nail olmaqdır: “İki komponentdən biri boru kəməri, ikincisi mayeləşdirilmiş təbii qazdır. Azərbaycanın hədəfi boru kəmərindən ixracda daha çox gəlir əldə etmək və özünün satış coğrafiyasını genişləndirməkdir. Azərbaycan tərəfdaş dövlətlər - Yunanıstan, Bolqarıstan, İtaliya ilə uzunmüddətli müqavilələr bağlayıb. Həm Yunanıstana, həm İtaliyaya satdığımız təbii qazın qiymətləri elə də aşağı deyil”.

Z.Vəliyevin fikrincə, gələcəkdə gəlirlərimiz daha çox qaz ixracından olacaq: “Azərbaycan qarşıdakı illərdə qaz satışından indiki qiymətlər fonunda kifayət qədər gəlirlər əldə edəcək. Çünki təbii qaz qiymətləri qarşıdakı illərdə elə də aşağı olmayacaq. Qarşıdakı illərdə neft ixracındakı azalmaları təbii qaz ixracı ilə kompensasiya edəcəyik. Eyni zamanda, gəlirlərimizin böyük bir hissəsi təbii qaz ixracından əldə ediləcək”.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin