“Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz” - AÇIQLAMA + FOTO

20:36 - 21 Oktyabr 2022

“Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz” - AÇIQLAMA + FOTO

Maraqlıdır, 2023-cü ildə pensiya və əməkhaqqlarındakı artım nə qədər olmalıdır?

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi sentyabrın 15-də 2023-cü ilin dövlət büdcəsi layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etdi. Həmin layihədə diqqətçəkən məqamlardan biri əmək ödənişi və sosial ödənişlərlə bağlıdır.  Belə ki, 2023-cü ilin büdcə layihəsində əmək ödənişlərinin cari illə müqayisədə 5,2 faiz, sosial ödənişlərin isə təxminən 6 faiz artırılacağı proqnozlaşdırılır. Lakin 2022-ci ildə inflyasiyanın yüksək olması səbəbi ilə əməyin ödənişinə ayrılan vəsait 2021-ci illə müqayisədə 23 faiz artırılıb. Ona görə də bəzi ekspertlər növbəti il üçün 5-6 faizlik artımın az olduğu qənaətindədir. Səbəb isə inflyasiyanın 2023-cü ildə hansı səviyyədə olacağına dair dəqiq məlumat olmaması ilə əlaqələndirilir.  

İqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli açıqlamasında qeyd edib ki, Azərbaycanda pensiyaların indeksasiya sistemi mövcuddur:

“Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında orta aylıq əməkhaqqı 14,3 faiz artıb. Bu rəqəm saxlansa, pensiyalar gələn il ən azı 14,3 faiz artırılacaq. Dəqiq rəqəm isə hələ ilin sonunda müəyyənləşəcək. Oxucular üçün aydınlıq gətirim ki, indeksasiya artırma deməkdir. 2023-cü ilin pensiyasında nəzərdə tutulan indeksasiya 2022-ci ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun olur. Belə ki, 2023-cü ilin yanvar ayında 2022-ci ildə orta aylıq əməkhaqqının nə qədər olduğu müəyyənləşdirilir və həmin faiz qədər pensiyalar indeksasiyalaşdırılır. Hökumət onu qanuniləşdirib”.

Ekspert onu da diqqətə çatdırıb ki, dövlət büdcəsindən maliyyələşdirilən strukturlarda maaşların inflyasiyanı kompensasiya edib-etməməsi dövlətin imkanlarından asılı olan məsələdir:

“Dövlətin cari xərclərin, əmək xərclərinin nə qədər olmasına dair planları var. Büdcə layihəsi, təbii ki, dəqiqləşdirilə bilər. Bu, hələ ilkin layihəsidir, ona parlamentdə baxılacaq, deyilən təkliflərə uyğun müəyyən korrektələr ediləcək. Noyabr-dekabr aylarında da bu ilin və növbəti ilin inflyasiyası haqqında daha dolğun fikirlər və proqnozlar formalaşacaq və s. Ancaq bir məsələ var ki, inflyasiya çoxdur deyə, dövlətdən əməkhaqqını inflyasiya üzərində artırması tələb edilə bilməz. Çünki bu gün sizin seçdiyiniz hökumət fəaliyyət göstərir. Büdcənin üzərində nəzarət edən qurum parlamentdir ki, onun üzvləri də xalq tərəfindən seçilib. Yəni hər şeyə onlar qərar verir. Maaşların nə qədər artması birbaşa hökumətin səlahiyyətində olan məsələdir və vətəndaş təzyiq edə bilməz”. 

Həmsöhbətimiz bildirib ki, maaş artımı imanlarla məhdudlaşdırılan bir məsələdir:

“Büdcə vergi ilə doldurulur, əgər büdcəni doldura bilmirsinizsə, daha çox xərcləmə imkanınız yoxdur. Gələn il üçün büdcənin ilkin layihəsinə baxanda müəyyən sosial xərclərin artımı gözlənilir, ona görə də əməkhaqqının artırılacağını da ehtimal etmək olar. 2022-ci ildə, doğrudan da, ciddi inflyasiya müşahidə olunub. 9 aylıq statistikaya görə, 15,6 faiz inflyasiya var ki, bu çox ciddi göstəricidir. Ərzaq xərclərində isə bu, 20 faizin üzərindədir. Ərzaq qiymətlərinin artması əhalinin sosial cəhətdən kövrək təbəqəsinə daha pis təsir edir. Amma biz burada durub maaş və pensiyanın nə qədər artmalı olduğunu deyə bilmirik. Hökumətin cəmiyyət, dövlət büdcəsindən maliyyələşən şirkətlər qarşısında elə bir öhdəliyi yoxdur ki, “mən sizin maaşınızı bu qədər artırmalıyam və artıracam”, - desin. Hansı məbləği məqsədəuyğun hesab etsələr, onu tətbiq edəcəklər”.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin