İtkin hərbçini gözləyən toy... - FOTO/VİDEO

13:08 - 7 Oktyabr 2022

İtkin hərbçini gözləyən toy... - FOTO/VİDEO

- Asim gələn kimi, onu evləndirəcəm. Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacam.

Bunu deyəndən sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl söhbətimizdə göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...

Bir neçə dəqiqənin ərzində anlayırsan ki, Asim, Gültəkin ananın həm sevinci, həm də kədəridir.

Mən burada, Ağcabədinin ən sonuncu kəndində - Yuxarı Qiyaməddinlidə Gültəkin ananın qarşısında susub farağatda dayanıram.

Azərbaycan boyda ürəyi olan qadının özünəinamı qarşısında baş əyirəm, artıq məni də inandırmağa başlayır və bunu da bacarır ki, Asim gələcək, mütləq gələcək.

Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən Müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.

Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...

Gültəkin ana belə danışandan, oğlunun toyunu etməklə bağlı xəyallar qurandan sonra, ona ünvanlayacağım, amma ana üçün ağır və kədərli olacaq suallar boğazımda düyünlənir. Daha deyə bilmirəm ki, anam, canım anam, hər şeyə, hər xəbərə hazırsanmı?

Deyə bilmirəm, çünki Gültəkin ana bütün cümlələri gələcək zamanda qurur, həm də "gələcək!"lə başlayan sözlə... Və digər heç nəyi qəbul etmir, yaxınına buraxmır, düşüncəsinə də gətirmir.

Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək. 

Bu cümlələrdən sonra necə sual verim axı? Mən ki, daşdan, dəmirdən deyiləm. 

Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəm.

Reportajımız yekunlaşır, Bakıya qayıtmağa hazırlaşırıq. Ailə ilə sağollaşırıq, Asimin atası Yaqub dayının əlini sıxıram. Bu məqamda Gültəkin ana özünəinamın möhürünü vurur:

- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz...







Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin