Avropa ölkələri liderlərinin Praqada görüşü keçiriləcək

11:43 - 5 Oktyabr 2022

Avropa ölkələri liderlərinin Praqada görüşü keçiriləcək

Çexiyanın paytaxtı Praqada ilk dəfə keçiriləcək Avropa Siyasi Birliyinin iclasında Avropa qitəsindəki ölkələrin liderləri bir araya gələcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 27 Avropa İttifaqı ölkəsi ilə yanaşı, Aİ üzvü olmayan 17 Avropa ölkəsinin də dəvət olunduğu iclas oktyabrın 6-da Praqada keçiriləcək.

Aİ ölkələrindən başqa dəvət olunan ölkələr Azərbaycan, Türkiyə, İngiltərə, Norveç, Ukrayna, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və İsveçrədir.

Bu, yeni beynəlxalq təşkilat kimi deyil, daha çox “siyasi müzakirə platforması” kimi düşünülür. Yeni platformada Rusiyanın hücumundan sonra Ukraynada başlayan müharibənin təsirləri, Avropa qitəsində təhlükəsizlik və sabitlik, enerji, iqtisadiyyat, ticarət, nəqliyyat, investisiyalar və infrastruktur kimi bir çox mövzunun müzakirəsi hədəflənir.

İcmanın hər 6 aydan bir liderlər səviyyəsində bir araya gəlməsi nəzərdə tutulur.

Ukrayna prezidenti Vladimir Zelenskinin AST-nin Praqada keçiriləcək ilk iclasında videokonfrans vasitəsilə iştirak edəcəyi gözlənilir.

İclasda liderlər günorta saatlarında görüşəcək. Sonra dəyirmi masa görüşləri keçiriləcək. Sülh və təhlükəsizlik, enerji və iqlim, iqtisadi vəziyyət, miqrasiya və nəqliyyat mövzularında dəyirmi masa görüşlərinin təşkili planlaşdırılır.

Liderlərin ikitərəfli görüşləri, görüş və danışıqlardan sonra şam yeməyi ilə yekun iclasının keçirilməsi nəzərdə tutulur.

İlk iclasın sonunda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin