Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

14:30 - 3 Oktyabr 2022

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

 

Manset.az xəbər verir ki, sərəncam Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb. 

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.

Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olub.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin