<

Şəhərin girişindəki dəyişiklik Masazır dairəsini ÇÖKDÜRDÜ - Xırdalanda yeni FƏLAKƏT MODELİ

12:18 - 3 Oktyabr 2022

Şəhərin girişindəki dəyişiklik Masazır dairəsini ÇÖKDÜRDÜ - Xırdalanda yeni FƏLAKƏT MODELİ

“Şəhərsalma standartlarından uzaq layihə əsasında həyata keçirilən tikililər Xırdalanda demoqrafik fəlakət yaradıb və proses getdikcə daha da dözülməz hal alır. Əhalinin artımını nəzərə alaraq digər infrastrukturların tənzimlənməsi isə heç bir normal metodla həyata keçirilmir”. 
 

Manset.az xəbər verir ki, bunu  iqtisadçı-ekspert Samir Əliyev məsələnin aktuallığını gündəmə gətirərək belə deyib.

Onun sözlərinə görə Xırdalana girişin (Xırdalan, Masazır dairələrindən və keçmiş Qafqaz Universiteti tərəfdən) 3 yerdən olması Xırdalanın içindəki tıxacları xeyli yüngülləşdirirdi:

“Hansısa ağıllı belə qərara gəlib ki, şəhərdən gələn maşınlar əvvəlki kimi birbaşa Qafqaz Universiteti tərəfdən Xırdalana girə bilməz.

Bunun üçün yol hərəkətində dəyişiklik edilib. İndi maşınlar Xırdalana daxil olmaq üçün Sumqayıt və ya Novxanı yolu ilə ən azı 6 km məsafə qət etməlidir. Nəticədə əsas güc Masazır dairəsinə düşür. Bu yolun yüklənməsi nəticəsində isə böyük tıxac yaranır.

Tıxacın uzunluğu az qala Xırdalan dairəsinə çatır və Masazıra gedən maşınlar üçün də problem yaradır”.   

İqtisadçı əlavə edib ki, hər gün əlavə 6 km yol qət etmək ayda 180 km edir:

“Hər 100 km məsafə üçün ortalama benzin sərfiyyatını 9 km götürsək, bu halda ayda 16 litr və ya 16 manat edir. Aİ-95 markalı benzin işlədən maşınlar üçün 32 manat, benzin sərfiyyatı çox maşınlar üçün isə daha çox əlavə xərc yaranır.

Geri dönüşü 3 km yox, 300-400 metrdən qoyulsa, edilən dəyişikliyin faydası olar və sürücülər yenə də əvvəlki kimi bu girişdən istifadə edərlər. Ya ağıllarına gəlmir, ya da məqsədli şəkildə edilir. Məqsəd isə aydın deyil”, - deyə ekspert bildirib.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Dövlət Yol Polisi ilə birlikdə qeyd edilən ərazidə yeni layihə hazırlayıb. Hazırda layihənin icrası həyata keçirilir.

Layihə günün pik saatlarında həmin ərazidə tıxaclarla bağlı çoxsaylı müraciətlər əsasında həyata keçirilir. Layihə hələ tam başa çatmayıb, gələcəkdə daha yaxın məsafədən yeni geridönmə hissəsinin yaradılması da nəzərdə tutulur.
 


Xəbər xətti

29 Noyabr 2022