Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
23:02 - 8 Avqust 2021
Xəbər verdiyimiz kimi, Ermənistanın yenidən baş naziri seçilmiş Nikol Paşinyan ilk rəsmi səfərini avqustun 5-də İran İslam Respublikasına etdi. Səfərdə məqsəd İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak olsa da, iki ölkə rəhbərləri arasında keçirilən görüş regionda aktiv müzakirələr yaratdı.
Manset.az xəbər verir ki, görüşdən sonra yayılan rəsmi məlumata görə, Paşinyan Rəisi ilə danışıqlarda İranla əlaqələrin inkişafının Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Tərəflər, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan əlavə, Paşinyan “Mehri” azad iqtisadi zonasının aktivləşməsi və İranla Avrasiya İqtisadi ittifaqı arasında sərbəst ticarət rejiminin bunun təşviqində rolunu diqqətə çatdırıb.
Bağlı qapılar arasında baş tutan görüşdə regional məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığı istisna edilmir. Siyasi kluarlarda gəzən iddialara əsasən, İran tərəfi Zəngəzur dəhlizinə alternativ imkanlarını nəzərdən keçirir və ölkə başçılarının ilk görüşündə bu məsələnin diqqətdən kənarda qalmadığı ehtimal olunur.
Ekspertlərin fikrincə, İran və Ermənistanın gizli planı bölgəni yenidən alovlandırmaq niyyəti daşıyır. Tərəflərin alternativ variantları gizli danışıqlar masasında nəzərdən keçirməsi hələlik rəsmən təsdiqlənməsə də, çox güman ki, yaxın vaxtlarda Tehran və Yerevanın məqsəd və məramı bəlli olacaq.
Zəngəzur dəhlizinə alternativ mümkündürmü? İran Azərbaycanla əlaqələri pozacaq riskə getməyə hazırdırmı?
Mövzu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, İran Ermənistana dəstək verməklə xəyallar qurur. Lakin nə İran, nə də Ermənistan Azərbaycanın Zəngəzur layihəsini əngəlləyə biləcək.
"Mollalar bir vaxtlar Qara dənizə çıxarmaq istədikləri boru kəmərlərini Ermənistanın ərazisindən keçirmək üçün təkliflər edirdilər. Amma bu işlərin başında duran, aranı qarışdıran molla rejiminin fars şovinizminə söykənən qanadıdır. Türkiyə-Azərbaycan qardaşlığını qısqanaraq alternativ təkliflər irəli sürürlər. İran ermənilərlə dəmir yolu xətti çəkmək istəyir. Guya bununla hara gedib çıxa biləcəklər ki? Ermənistan sərhədindən o tərəfə heç nə yaratmağa imkan yoxdur. Üstəlik, İsrail, Avropa, Amerika İranı çox ciddi ittihamlarla təhdid edir, rejimi dəyişmək, sanksiyalarla boğmaq istəyirlər. Onu da deyim ki, İranı vurmaq planının başında elə Amerika özü dayanacaq".
Qabil Hüseynlinin fikrincə, İran hazırda Suriya və İraqda da aranı qarışdırmağa davam edir:
"İndi isə Ermənistanla ittifaq yaratmaqla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. İran müasir dünya düzəni ilə üst-üstə düşməyən teokratik rejim yaradıb. Əl boyda Ermənistanla mollalar hansı sağlam işbirliyi yarada bilər? Gərginlik yaratmağa çalışan araqarışdıranlar istəyinə çata bilməyəcəklər. Onlar sadəcə bir müddət ictimai fikri dalğalandırıb, sonradan sönüb, yox olacaqlar.
Ermənistanla işbirliyi yaratmaq istəyinə düşüblərsə, bu, molla rejiminə yaxşı heç nə vəd etmir. Əlləri hər şeydən üzülüb, rejim görün nə günə qalıb ki, müharibədə məğlub olmuş, hələ dizi üstündə qalan, ayağa qalxa bilməyən iki milyonluq ölkə ilə hansısa iqtisadi layihə planlaşdırır. Bu, başdan ayağa avantüradır, həyata keçməsi mümkün deyil".
Bir məqamı vurğulayaq ki, İran Ermənistanla birgə bölgənin geoiqtisadi mənzərəsini dəyişəcək Zəngəzur layihəsinə qarşı çıxacağı təqdirdə, bu, qonşu ölkədə yaşayan milyonlarla azərbaycanlının kəskin etirazına səbəb olacaq. Təbrizin Azərbaycanın maraqlarına zidd olan təxribatçı planla barışmayacağını, soydaşlarımızın küçələrə axışaraq etiraz səsini qaldıracağını əminliklə deyə bilərik.
Qarabağın 30 illik işğalına son qoyulmasını böyük sevinclə qeyd edən İran azərbaycanlıları bölgədə sülh və təhlükəsizliyə zərbə olacaq istənilən planın, eləcə də Azərbaycana qarşı yönələn hər bir addımın önündə keçilməz sipər kimi dayanmağa hazırdırlar.
Bəs, bundan xəbərsiz olmayan ölkə rəhbərliyi Ermənistanın maraqları naminə milyonlarla insanla üz-üzə gəlməyi, kütləvi etirazlar fonunda hakimiyyətini təhlükəyə atmağı gözə alacaqmı?
Onsuz da heç bir layihədə uğur və perspektiv vəd etməyən Ermənistan üçün belə riskə getməyin lüzumsuz olduğunu İranı idarə edən güclər bilməmiş deyillər. Əlbəttə, belə situasiyada İran iki seçim qarşısında qalır:
Ya "dost" Ermənistan üçün özünü oda atmalı, ya da Azərbaycanın regionda yaratdığı reallıqlarla barışmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin